Qanazlığı və onun aradan qaldırılması yolları

Qanazlığı qanda eritrositlərin miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir, onu başqa sözlə anemiya də adlandırırlar. Anemiya qırmızı qan hüceyrələrinin sayının, hemoqlobin konsentrasiyası və ya hematokritin normadan az olmasıdır. Eritrositlər daxilində olan hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır və bu zaman ümumi zəiflik və yorğunluq hiss edilir. Anemiya müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müddətinə görə fərqli olur. Onun əsas səbəbləri arasında çoxlu qanitirmə, eritrositlərin parçalanmasının sürətlənməsi, sümük iliyində onların əmələ gəlməsinin azalması, keyfiyyətsiz qidalanma, mədə-bağırsaq traktının xəstəlikləri durur.

Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə  bu barədə onu da deyib ki, orqanizmində olan 5 litrə qədər qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55 faizi plazma, 45 faizli isə hüceyrəvi elementlərdən ibarət olur. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən daha çoxluq təşkil edir. Plazmada qan hüceyrələri- eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir və onlar qırmızı sümük iliyi hüceyrələrindən əmələ gəlir. Plazmanın 90 faizi su, qalanı isə zülal, yağ, qlükoza, mineral duz və başqa maddələrdir.

Həkim-hematoloq deyib: ”Qan orqanizmin, toxumalardakı hüceyrələrin qidalanması və tənəffüs proseslərində iştirak edir, müdafiə rolunu və tənzimləmə vəzifəni daşıyır. Hərəkət etdiyi müddətdə bədəni isti saxlayır, soyudur, toxumaları qanla təchiz edir, qoruyur, ona enerji verir və orqanizm daxilindəki zəhərli maddələrin atılmasını təmin edir. Orqanlar arasında əlaqənin demək olar ki, hamısını öz üzərinə götürür. Bundan başqa damarlarda əmələ gələn zədələnməni qanda olan fibrin lifləri qan damarının zədələnmiş hissəsinə çökür və tor əmələ gətirərək aradan qaldırır. Beləliklə, orqanizm müntəzəm olaraq yenilənir.

Bir qırmızı qan hüceyrəsi orqanizmdə təxminən 120 gün yaşayaraq öz vəzifəsini yerinə yetirir və makrofaq müdafiə hüceyrələri tərəfindən məhv edilir.

Eritrositlər daxilində olan hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və yaranan hipoksiya halı zaman ümumi zəiflik və yorğunluq hiss edilir. Anemiya müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müddətinə görə fərqli olur.

Anemiya zamanı xəstə taxikardiya, təngnəfəslik, rəngin avazıması, başgicəllənmə, bəzən başağrısı, yorğunluq, tərləmə və ağızda quruluq, qulaqda küylər, arterial təzyiqin düşməsi, nəbzin zəif dolğunluqda olması və tezləşməsindən şikayətlər edir.

Anemiyanın bir neçə forması var: dəmirdefisitli, siankobalimindefisitli, hemolitik, hipo- və aplastik anemiyalar. Dəmirdefisitli anemiya kəskin və xroniki qanitirmələr, qida rasionunda dəmirin çatışmazlığı hallarında inkişaf edir. Orqanizmdə dəmirin azalması eritrositlərdə dəmirin miqdarının azalması və toxumaların qidalanmasının pozulması ilə nəticələnir. Orqanizmdə daxil olan dəmir bədəndə daim sirkulyasiya edərək bir eritrositdən digərinə ötürülür. Qanaxmadan sonra itirılən dəmir ehtiyatı mütləq bərpa olunmalıdır. Anemiyanın əlamətləri dəri rənginin solğunlaşması, başgicəllənmə, ürəkbulanma, yuxululuq, halsızlıq, yorğunluq, iştahanın zəifləməsi, başağrıları, bayılma və qıcolmadır”.

Mütəxəssis onu da qeyd edib ki, qanda müayinə aparmadan xəstəyə dəmir preparatı vermək olmaz, çünki qanda dəmirin miqdarı artıq olduqda ağır fəsadlarla nəticələnə bilər. Elə xəstəliklər var ki, onların orqanizmində dəmirin miqdarı artıq olur. Ona görə də hər bir müalicə fərdi şəkildə aparılmalıdır.

Qanazlığı zamanı qida rasionunda mal əti, xüsusən də malın dili üstünlük təşkil etməlidir. Qaraciyərdə 90 faiz dəmir olmasına baxmayaraq onun çox az hissəsi orqanizmdə sorulur. Yeməkdən əvvəl təzə qaynadılmış düyünün suyunu içmək, eyni miqdarda limon, qara gavalı, qoz, üzüm yeyilməsi, qida rasionunda noxud, cəfəri, ispanaq, ərik qurusu, nar, üzüm, düyü, qarabaşaq olması məsləhətdir. Tərkibində C vitamini olan meyvələrə üstünlük vermək lazımdır.

Onun dediyinə görə, ərik qurusu xırdalanaraq üzərinə bal əlavə edilir və hər səhər yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Gündə 3 dəfə tünd bal yemək də məsləhət görülür. Balın tünd olması onun tərkibində mineralları daha çoxdur.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here