“Qarabağ” klubu avrokuboklarda növbəti oyununu keçirib

Avqustun 23-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk matçında səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb. Qarşılaşma ağdamlıların üstünlüyü ilə keçsə də, meydan sahiblərinin futbolçusu Kapiçin səkkizinci dəqiqədə vurduğu qol oyunda yeganə olub-0:1.

Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ” klubunun start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Semyon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Filip Ozoviç, Djon Delarc, Bədəvi Hüseynov və Donald Gerye yer alıblar.

“Şerif”in isə ilk “on birliyində” isə meydana Serqey Paşenko, Jo Santos, Kristiano, Georqiy Anton, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Yuriy Kendış, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.

Xatırladaq ki, hər iki komanda mübarizəyə Çempionlar Liqasından başlayıb. “Şerif” II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub (0:0, 0:1).

“Qarabağ” klubu isə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə isə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək, UEFA Avropa Liqasında mübarizə aparmalı olublar.

Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Tiraspolda keçirilən oyunu avstriyalı hakimlər briqadası idarə edib. Matçın referisi Harald Lexner olub. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək ediblər.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olub.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 30-da Bakıda keçiriləcək.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here