“Qarabağ”ın keçmiş baş məşqçisi: “Nə əziyyətim varsa, komandanın halal xoşu olsun”

Azərbaycan futbolunun tanınmış siması, Əməkdar məşqçi, “Qarabağ” futbol klubunun keçmiş baş məşqçisi Adil Nadirov müsahibə verib.

Onunla söhbəti təqdim edirik:

– Adil müəllim səhətinizlə bağlı müəyyən narahatlığınız vardı. Hazırda necəsiniz?

– İflic olduqdan sonra vəziyyətim bir o qədər də yaxşı deyil. Maşın da sürə bilmirəm. Sağolsun “Qarabağ” ın rəhbərliyi, oyunçuları. Tez-tez gəlib mənə baş çəkirlər. Telefonla əlaqə saxlayırlar. Mən də hərdən bir gedib, onlara baş çəkirəm. Mən komandamdan çox razıyam. Bu gün də “Qarabağ”a görə yaşayıram.

– Ötən günləri necə xatırlayırsınız?

– Çox güclü futbolçularla birgə oynamışam. Elbrus Abbasov, Şəfəq Hümbətəliyev, Allahverdi Bağırov, Saşa və s. O zaman futbola böyük maraq var idi. Amma indi belə deyil. “İmarət” stadionunda iynə atsan yerə düşməzdi. Əvvəllər oyunlara daha çox azarkeşlər gəlirdi, onlar çılğınlıqla yadda qalırdılar. İndi də “Qarabağ”ın çoxlu azarkeşi var.

– Geriyə nəzər saldıqda ən çox nəyə təəssüflənirsiniz?

– Kaş ki, Ağdamda olaydıq. Elə komanda yaratmışdım ki, 10 il dalbadal çempion olardıq. Amma sevindiyim odur ki, çox əziyyətlər hesabına olsa da, komandanı yaşatmışam. Qarabağ adı bizim üçün çox doğmadır, əzizdir. Qardaşım Ərşad bu torpaqlar uğrunda gedən döyüşlərdə şəhid olub. Mən isə vuruşmasam da, “Qarabağ” komandasını yaşatmaq üçün çalışmışam və çox xoşbəxtəm ki, buna nail olmuşam. Hətta komanda dağılmaq təhlükəsiylə üzləşdiyi zamanlarda mövcud vəziyyəti futbolçulardan gizlətmişəm və yalnız Allaha ümid etmişəm. Bir daha “Qarabağ”ı yaşada bildiyimiz üçün özümü xoşbəxt hesab edirəm. Ötən illərdə komandanın yaşamasında bir sıra futbolçular böyük əmək sərf ediblər. Biz “Qarabağ”la yaşayıb onu yaşatmışıq. Bunu həmişə özümüzə borc saymışıq. Nə əziyyət çəkmişəm, hamısını halal edirəm. Hələ Ağdamda oynayanda “Qarabağ”ın gələcəkdə Avropada sözünü deyəcəyini bildirəndə çoxları istehza ilə yanaşırdı. Yaxşı yadımdadır ki, UEFA Kubokunda Finlandiyada “MüPa-47” ilə oyundan əvvəl gördüm ki, “Qarabağ” “Karabax” kimi yazılıb. Əsasən bu sözü ermənilər işlədirlər. İradımı bildirərək, meydana çıxmayacağımızı dedim. Qısa müddət sonra tələbim yerinə yetirildi. Ümumiyyətlə, “Qarabağ” min bir əziyyətlər çəkib. Elə olub ki, 1 il ərzində 4 şəhər dəyişmişik. Gah Mingəçevir, gah Şirvan, gah Bakı, gah da Sumqayıtda məskunlaşmışıq.

Komandanı yaşatmaq üçün bunları etmişəm. “Qarabağ”ı “Azərsun Holdinq” sponsorluğa götürənə kimi klubun yaşamasında ən çox Yusif İldırımzadənin rolunu qeyd etmək istərdim. Bundan başqa, Nazim Abdullayev, Zakir Tağıyev, Yunis İldırımzadə və digərlərinin də köməyi dəyib. Ancaq zaman hər şeyi yoluna qoydu. Allahın köməyilə komanda üçün arzuladıqlarımı həyata keçirə bildim. 2001-ci ildə “Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl klubu himayədarlığa götürəndə, “Bu komanda ona görə yaşamalıdır ki, adı Qarabağdır və ermənilərə bu torpağın Azərbaycanın olduğunu bir daha sübut edəcəyik” kəliməsi yaxşı yadımdadır. Mən başda Abdulbari bəy olmaqla Tahir Gözələ təşəkkür edirəm ki, “Qarabağ”ı yaşatmaq üçün neçə illərdir əziyyət çəkirlər.

– Bildiyimiz kimi “Qarabağ” komandası dünən Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı. Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Bu barədə təssüratlarınızı almaq istərdik..

– Mənim “Qarabağ”ın üzərində çox böyük əziyyətim olub. 10 il qaçıqn komanda saxlamışam. Allah Abdulbari Gözələ, Qurban Qurbanova dəyməsin. O, çox bacarıqlı məşqçidir. Qurbanın bu komandanın da üzərində çox böyük əziyyəti var. Bütün futbolçuları da təbrik edirəm. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi tarixi qələbədir. Sevincimin həddi-hüdudu yoxdur. “Qarabağ” hər zaman Azərbaycanın sayılıb-seçilən komandası olub. İndi də elədir. Bu qələbə uzun illərin əziyyətinin bəhrəsidir. Mən dünən oyuna baxandandan sonra necə həyəcanlanmışdımsa, hardasa bir saat yarım divandan tərpənə bilmirdim. Çox həyəcanlanmışdım. “Qarabağ” çox çətin mərhələni keçdi.

– Bəs klubunun oyunçuları ilə görüşünüz olacaqmı?

– Bəyaq bütün oyunçuların çoxu ilə görüşmüşəm. Qurban müəllimlə görüşmüşəm. Onlar bir qəhrəmandırlar. Sevinc təəssüratlarımı sözlə ifadə edə bilmirəm. Qurban mənim gözümün içinə baxıb deyir ki, “bax çıxdıq haa Avropaya”. Nə əziyyətim varsa, komandanın halal xoşu olsun.

– Bildiyimiz kimi Milli qəhərman Allahverdi Bağırov “Qarabağ” ın ilk məşqçisi olub. Allahverdi müəllimi necə xatırlayırsınız?

– Allahverdi mənim sinif yoldaşım olub həm də bir məhəllədə qalırdıq. O, da “Qarabağ” komandasında oynayıb və daha sonra məşqçi işləyib. Allahverdi müəllimdən sonra mən “Qarabağ”a rəhbərlik etdim. Allahverdi çox yaxşı dost, etibarlı insan və yaxşı məşqçi idi. O hər yerdə birinci olmaq istəyərdi. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə onun ruhunu şad etdi. Allahverdi Azərbaycanın həqiqətən də Milli Qəhrəmanıdır. O ad verilməmişdən əvvəl də Milli Qəhrəman idi.

“Qarabağ” hər zaman güclü komanda olub. Keçmişdə də, indi də. Amma bu günkü kimi maddi durumu yaxşı olmayıb. Biz futbolçulara maaşı güclə verirdik. Azərbaycan müstəqillik qazandıqdan sonra isə klubun hər şeyi oldu. Mən 1980-cı ildə Ağdamda oynayanda “Qarabağ”ın gələcəkdə Avropada sözünü deyəcəyini bildirəndə çoxları istehza ilə yanaşırdı. Amma bu gün Avropanın ən güclülərindədir.

Modern.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here