Qazaxda Qori ənənəsi…

Çox sevincliyəm, elə vüqarlıyam, elə qürurluyam ki… Mənim kimi bütün Qazaxlılar da sevinclidir. Əbəs yerə deyil bu sevinc, bu qürur. Tarixlər boyu öz sözü, öz elmi ilə dünyaya dahilər bəxş edən Qazağımız yenə də tarixi şəxsiyyətlər yetişdirməkdədir. Ötən əsrdə Xeyriyyəçi Məşədi İbrahimi yetişdirmişdi Ulu Qazax. Məşədi İbrahim öz şəxsi mülkünü Qori Müəllimlər Seminariyasının fəaliyyəti üçün təmənnasız hədiyyə etmişdi. Qazaxda fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının əsasında yaradılan Qazax Müəllimlər Seminariyası dünyaya neçə-neçə elm, söz-sənət dahiləri bəxş etdi. Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxda fəaliyyətə başlasa da işığı bütün Azərbaycanı nurlandırdı. Ona görə sevincliyəm ki, Qori ənənəsi Qazaxda yenə də davam etməkdədir! Qazaxlı iş adamı, xeyriyyəçi Arzuman Abdulkərimov Qazaxda Qori ənənəsini davam etdirir.

Necə gözəldir. Biz də tarixdən eşitdiyimiz təmənnasız yaxşılıqlara indi öz gözümüzlə şahid oluruq. Arzuman müəllimin ideyası əsasında Qazaxdan seçilən millət vəkili, dəyərli eloğlumuz Kamran Nəbizadənin və Qazağı cani-dilən sevən, Qazağına Vurğun kimi vurğun olan ziyalı eloğlumuz Yusif İmrayıl oğlu Alıyevin mənəvi dəstəyi əsasında Qazaxda ilk dəfə olaraq “HİLAL” mükafatını təsis edilir. Qazax rayon İcra Hakimiyyətinin başçıs cənab Rəcəb Babaşovun da təşkilat köməkliyi ilə Qazax Ədəbiyyat Muzeyində “Hilal” mükafatının təsis toplantısı keçirildi.

“HİLAL” mükafatı gələcəyimiz olan gəncləri elmə həvəsləndirmək üçün böyük situmul verir. Və insanlığın zəiflədiyi bir vaxtda gənclər insanlığın necə ali məvhum olduğunu dərk edirlər.

“HİLAL” mükafatı gənclərə həm də vətənpərvərlik keyfiyyətləri aşılayır. Bu mükafata layiq görülən hər bir gəncin gələcəkdə bir arzusu ola bilər: Mən də çalışıb Arzuman müəllim kimi el-oba üçün təmənnasız yaxşılıqlar edəcəm, doğma Vətənimin övladlarının qayğısız yaşaması üçün əlimdən gələn köməkliyi əsirgəməyəcəm. Bu arzularla yaşayan gənclərin Vətəni Qazax Qori ənənəsinə sadiqliyi ilə dünyaya yeni mərhələ ilə elm işığı saçacaq. Böyük nailiyyətdir “HİLAL” mükafatı. Mükafatın idarə heyətinə gəlincə isə onu deyə bilərəm ki, idarə heyəti hər bir Qazaxlı kimi mənim də ürəyimcədir. Çünki idarə heyəti ziyalı insanların birliyi ilə qərarlaşır. Doğma Azərbaycanımızın ən dəyərli insanı, ən böyük tənqidçisi, alim Rüstəm Kamal, millət vəkili Kamran Nəbizadə, şairə-jurnalist Fəridə Ləman, Bakı Dövlət Universitetinin Qazax filialının direktor müavini Məmməd Yusifov və dosent Yusif Alıyev birliyi hər zaman doğru, mükəmməl qərar verməyi bacaran bir heyət olacaq.

Arzuman müəllim bir xeyriyyəçi övlad kimi Qazağa baş ucalığı gətirir. İllər öncə Arzuman müəllim tanınmış insanlardan biri haqqında xüsusi buraxılış (qəzet) hazırlanan zaman maddi dəstəyini əsirgəmədiyini eşitdim və çox sevindim. Amma o zaman heç ağlıma da gəlməzdi ki, onun insanlığı təkcə tanınmışlara deyil, həyata yenicə qədəm qoyan gənclərə də dəstək olmaq dərəcədə yüksək səviyyədədir. Arzuman müəllim həm də Vətəni Azərbaycanın hər bir qarış torpağını canından əziz tutur. Vətən yolunda sağlamlığını itirmiş insanlardan öz maddi və mənəvi dəstəyini əsirgəmir. Bu yaxınlarda qəhrəman döyüşçü, Qazi Kamil Musəvi ilə müsahibəm oldu. Kamil Arzuman müəllimin ona göstərdiyi diqqət və qayğını dönə-dönə qeyd edir və Arzuman müəllimin bu yaxşılıqlarını Vətən yolunda çəkilən zəhmət kimi qiymətləndirirdi. Arzuman müəllim Kamillə birlikdə Türkiyəyə gedir. Türkiyədə Arzuman müəllimin və Firdovsi Umudovun maddi və mənəvi dəstəyi ilə Kamilə ən müasir texnologiyalara cavab verən protez ayaq köçürülür. Bunun sayəsində bu gün Kamil özü sərbəst yerimək gücündədir. Təbii ki, Vətən yolunda qanı tökülən, canının yarısı gedən insanı unutmamaq, Vətənə ən sədaqətli əsgər olmaq deməkdir – Arzuman Abdulkərimov kimi. Dəyərli eloğlum Arzuman Abdulkərimov, Vətənə, elmə, insanlığa maddi və mənəvi dəstəyinizi əsirgəmədiyiniz üçün, Qazaxda Qori ənənəsini yaşatdığınız üçün Sizə öz adımdan və qədirbilən Qazaxlılar adından dərin təşəkkürümü bildirirəm.

Var olun. Varlığınız insanlığın və insanların qürur mənbəyi olsun. Amin!

Böyük hörmətlə: Səbinə YUSİF