Qəhrəmanlıq Dastanımız

2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi silsilə tədbirlərini davam etdirir. Komitənin əsas məqsədi, Azərbaycanla-Türkiyə arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə vermək, Azərbaycanın təbliğatını Türkiyədə daha geniş şəkildə təşkil etmək və ictimaiyyət olaraq terrora qarşı aparılan mübarizədə Türkiyəyə dəstək verməkdir.

Təşkilat komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycanlıların soyqırımının 100 illiyi” və “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi” haqqında imzaladığı sərəncama uyğun olaraq həm 31 Mart soyqırımı həqiqətlərinin ictimailəşdirilməsi, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi nəzərdə tutulub. Eyni zamanda mart ayında qardaş Türkiyənin şanlı hərb tarixi olan Çanaqqala savaşının da ildönümünün olduğunu nəzərə alaraq bu tarixi hadisəylə bağlı məlumatları yerli və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə də tədbirlər keçiriləcək. Tədbirlərdə dövlət rəsmilərinin, səfirlik nümayəndələrinin, Azərbaycan və Türkiyədən dəvət olunmuş elm, mədəniyyət, ictimai xadimlərin iştirakı ilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş  “Qəhrəmanlıq Dastanımız” adlı musiqili bədii gecə keçiriləcək.

Tədbir 15 mart 2018-ci il, saat 18:00-da Azərbaycan Dövlət Musiqili Teatırında baş tutacaqdır.

Məlumat üçün bildirək ki, QHT-lərdən ibarət “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsinin ilk tədbiri Türkiyənin terrorla mübarizə məqsədilə Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlanan hərbi hərəkatına dəstək məqsədilə 17 fevral 2018-ci il tarixində baş tutub. Tədbir Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarətlə başlayıb daha sonra Gəncliyə Yardım Fondunda rəsmi hissə ilə davam edib. Tədbirin sonunda qəbul olunmuş bəyanat təşkilat komitəsinin nümayəndələri tərəfindən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özorala təqdim edilib.

TƏŞKİLAT KOMİTƏSİ

(Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç. 8)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here