Qeyri səlis riyaziyyat və ahəngyol elmi

Qeyri səlis riyaziyyat və ahəngyol elmi

Əhməd Qəşəmoğlu

AMEA Fəlsəfə İnstitutu

 

Qısa xülasə

Məqalədə qeyd olunur ki, yer üzü kainatın bir hissəsi olduğundan burada istənilən prosesin daha uğurla idarə olunması üçün bu idarə etmə kainatın mövcudluq və fəaliyyət prinsipinə – ahəng qanunlarına uyğun olaraq qurulmalıdır. Ahəng qanunlarına tamamilə əməl edilmədən qurulan idarəetmənin uğuru dayanıqlı, uzun müddətli ola bilməz. Bunları nəzərə alaraq yeni bir elmi paradiqam təklif edilir. Eyni zamanda qeyd edilir ki, yalnız rasional biliklər çərçivəsində qalmamaq üçün indiki riyaziyyat elmində də ciddi dəyişikliklər olmalıdır. Qeyri səlist riyazi metodlar bu sahədə daha adekvat metodlardır və  bu sahədə araşdırmaların sürətli inkişafına ciddi diqqət yetirmək lazımdır. Eyni zamanda, rasional olmayan amillərin nzərə alınması üçün müəyyən yanaşmalar təklif edilir.

Ahəngyol elmi müasir dövrün tələbi kimi.

Ahəngyol elmi 2008 ci ildə müəllif tərəfindən təklif edilmişdir. Ahəngə aparan yol mənasını verir. Ahəngyol elmi  qədim dövrlərdən indiyədək ahəng barədə təsəvvürləri ümumiləşdirərək, müasir fəlsəfi dünyagörüşləri, şərq və qərb fəlsəfəsinin, dini kitabların elmi potensialını,  müasir sosiologiya elminin metodologiyalarını  nəzərə alaraq sistem nəzəriyyəsinin köməyi ilə yaranmış yeni bir elm sahəsidir. Ahəngyol bir çox fəlsəfi kateqoriya və anlayışlara yenidən baxmaqla, yeni tərif verilməklə tamamilə yeni bir elmi paradiqma əsasında formalaşmışdır. Dünyəvi elm olan Ahəngyol elmi təkcə rasional məlumatlar yox, həm də rasional olmayan, şüur üstü amilləri, onların əlamətlərini nəzərə almaqla daha əhatəli araşdırmalar aparmağa imkan verir. Bu yeni paradiqmada müasir elmin bütün sahələrində istifadə olunan bir çox metodlardan müəyyən dəyişikliklər etməklə, onları ahəng vəziyyətini tədqiq etmək üçün “təmir etməklə” istifadə edir. Xüsusi ilə sistem nəzəriyyəsinin, riyaziyyatın, fizikanın, biologiyanın, sosiologiyanın bir sıra metodlarına daha çox müraciət edilir. Eyni zamanda ahəngyolun öz məxsusi tədqiqat metodları da vardır. İlk növbədə riyaziyyat elminin hansı istiqamətdə inkişaf etdirilməsinin daha zəruri olduğu ortaya çıxır.

Ahəngyol elminin əsas müddəası:  Bütün kainat vəhdətdə olan, sonsuz ölçülü bir orqanizm, vücuddur. Yer planeti, bu planetdəki hər bir varlıq bu kainatın bir hissəsi, zərrəsidir. Kainat milyon illərdir ki, ahəng prinsipi ilə mövcuddur və fəaliyətdədir. Kainatın fəaliyyətinin əsas prinsipi ahəng prinsipidir. Kainatın hissəsi olan yer üzündə də baş  verən proseslər kainatın mövcudluq və fəaliyyət prinsipi olan ahəng prinsipinə uyğun davam etdikdə davamlı uğura nail olmaq olar. Başqa hallarda, uğur əldə edilsə də davamlı olmayacaqdır. Müəyyən müddətdən sonra uğursuzluq başlayacaqdır.

Ahəngyol elminə görə:  fəlsəfə ahəngin dərkindən başlayır. Yalnız ahəngin dərki istiqamətindəki elmi mülahizələr insan, cəmiyyən, yer üzü  üçün faydalı  nəticəlir əldə etməyə imkan verir.

  1. Ahəngyol elminin yaranması zərurəti:

Müəllifin fikrincə, elmin inkişafı tarixində iki qırılma hadisəsi baş vermişdir: 1) Aristotel dövründən sonra diqqətin daha çox rasional düşüncəyə yönəlməsi ilə rasional olmayan amillərə lazımı diqqət verilməməsi; 2) Orta əsr islam fəlsəfəsində bu bir tərəfliliyin ortadan götürülməsinə cəhd edildi. Amma 15-ci əsrdən sonra fəlsəfi fikirdə Avropa dəst xətti artdıqca, 17-18 ci əsrlərdə elmdə müxtəlif  sahələrin biri-birindən təcrid olunması hadisəsi baş verdi. Müasir dövrdə mürəkkəb sistemlərin idarə olunmasının uğurlu metodlarının yaradılması zərurəti bu qırılma dövrlərində baş vermiş itkilərin nəzərə alınmasını, daha mükəmməl elmi sistemin qurulmasını tələb edir.

Ahəngyol elminin əsas elmi bazası:

Ahəngyol elmi şərq və qərb fəlsəfəsinin biri birini tamamlayaraq tətqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yaradılmışdır. 

Ahəngyol elmi universaldır. Elmin bütün sahələrində istifadə edilə bilər. Onun obyekti təbiətdə, cəmiyyətdə, istehsalatda baş verən proseslərin idarə olunması sahəsidir.  Predmeti idarəetmənin ahəng prinsipləri ilə həyata keçirilməsi metodlarının axtarılması, idarə etmənin ahəng prinsipləri əsasında qurulmasıdır.

Ahəngyol elminə görə, müasir elmi sistemin daha mükəmməlləşməsi üçün, hökmən rasional olmayan amillərin də nəzərə alınması sahəsində tədqiqatlar güclənməlidir.

Ahəngyol elminin öz kateqorial sistemi vardır. Burada bir çox kateqoriya və anlayışlara yeni anlamda nəzərdə tutulur. Məsələn:

  1. Sistem – indiki vaxtda sistem dedikdə, ümumi mənada, yalnız rasional düşüncənin təsiri altında tərif verilir. Müxtəlif obyektlərin müəyyən bir nizam içərisində qarşılıqlı əlaqədə birləşərək, özlərinin heç birində olmayan yeni bir xüsusiyyət yaratması nəzərdə tutulur. Bu qarşılıqlı əlaqədə rasional olmayan amillərin oynadığı rol nəzərdən qaçırılır.  Bu məsələyə üzdən yanaşmadır. Ahəngyola görə, geniş mənada, sistem -bütün kainatın mövcudluq və fəaliyyətini təmin edən qüvvənin, özünə məxsus  təyinatı olan bir varlığın yaranmasına səbəb olan nizamının ifadəsidir.

Bu tərif daha çox təbii sistemlərə aiddir. Amma, əksər elmi ədəbiyyatlarada süni sistem adlandırılan, bizim idraki sistem adlandırdığımız prinsiplərlə də, insanların yaratdığı varlıqlar da vardır. Təbii sistemlərin yaratdığı varlıqlar mükəmməl sistemlərdir. İdraki sistemlər isə öz mükəmməllik dərəcələri ilə fərqlənə bilərlər. Burada mükəmməllik dərəcəsi, keyfiyyəti də müəyyən edir.

  1. “Sonsuzluq”. İnsan idrakının əhatə dairəsi məhduddur. İdrakın aşa bilmədiyi sərhəddən sonra sonsuzluq aləmi başlayır. Hər bir insan üçün sonsuzluğun sərhəddi müxtəlifdir. Bütün insanlıq üçün sonsuzluğun ümumi sərhəddi var. Sonsuzluq-idrakın keçə bilmədiyyi səddən sonrakı aləmdir.
  2. Azadlıq”. O insan, o sosial sistem daha çox azaddır ki, onun öz təyinatına uyğun olaraq qarşısında duran məqsədə doğru irəliləməyə daha çox imkanı vardır.  Əsil, həqiqi azadlıq o azadlıqdır ki, qarşıya qoyulmuş məqsəd  ahəngə xidmət etsin və bu yolda ahəng yaradan fəaliyyət üçün imkanlar olsun.  Azadlığın dərəcəsi o imkanların dərəcəsi qədərdir.

Bundan başqa da ahəngyolun  “ruh”, “Allah”,  “ahəng”, “münaqişə” , “insan”, “peyğəmbər”, “vəhy”, “bəsirət”, “həssas dünya”, “irrasional bilik”, “enerji”, “həyat enerjisi”, “ varlıq” , “təyinat”( “missiya”), “məqsəd”, “mədəniyyət”, “dini sistem”, “tərəqqi”, “əhalinin keyfiyyəti”, “xoşbəxtlik”, “qabiliyyət” və s.  kimi kateqoriya və anlayışlara da yeni yanaşması vardır.

Riyazi yanaşma

Beləliklə, ahəngyol elmi həqiqi reallığın ciddi tədqiqi üçün yeni bir paradiqma təklif edir. Aydındır ki, bütün elm sahələrinin daha uğurla  inkişaf etməsi üçün o elm sahəsinə uyğun riyazi  metodlar, konsepsiyalar, nəzəriyyələr olmalıdır. Bəs müasir riyaziyyat elmi ahəngyolun təklif etdiyi paradiqmada nə dərəcədə əlverişlidir?

Riyaziyyat –reallığı(gercəkliyi) müəyyən bir tərtibdə ölçülə bilən işarələr sisteminə əks etdirib onlar üzərində əməllər aparmaq vasitəsi ilə həmin reallığın daha dərindən öyrənilərək nəzərə alınmasına imkan verən tədqiqat sahəsidir. Həqiqi reallıq yalnız rasional düşüncə ilə duyula bilən reallıq deyil. Rasional düşüncə ilə duyulan həqiqi reallığın zahiri tərəfidir. İdrakın daha aydın duyduğu tərəfidir. Amma aydındır ki, bu zahiridən dərində – batində idrakın aydın duya bilmədiyi amillər var. Riyaziyyat bu batindəkiləri daha çox nəzərə ala bildikcə daha da mükəmməlləşir. Qeyri səlis(əslidə daha səlis) riyaziyyat bu batindəkiləri daha çox nəzərə almağa imkan verir. [0, 1] şkalası yalnız bu iki rəqəmlə ifadə olunduqda həqiqi reallığı zahirən nəzərə almağa imkan verir. Amma bu iki rəqəmin arasında xeyli başqa variantların da olduğunu düşündükdə, biz istər-istəməz batini amillərin də olduğunu diqqət mərkəzinə gətirir və onlar üzərində tədqiqatlar aparmağa başlayırıq. Bu mənada qeyri səlis  riyaziyyat  müasir  riyaziyyatın  rasional düçüncə ilə çızdığı çərçivələri parçalayaraq irəli atılan ilk addımdır. Məntiqi olaraq onu demək olar ki, indi ortada olan riyaziyyat elmi əslidə zahiri müstəvidə tədqiqatlar aparmağa imkan verir. Qeyri səlis riyaziyyat isə riyaziyyatın daha əhatəli olması üçün yol göstərir. Burada maraqlı bir tarixi yada salmağa ehtiyac var. Təsəvvüf elmini- bununla da  rasional və rasional olmaya aləmin qarşılıqlı əlaqələrini, fəlsəfəsini dərindən bilən Nəsrəddin Tusi XIII əsrdə mövcud ola riyaziyyat elmindən istifadə etdikcə orada olan çatışmazlıqları aydın duymağa başladı. Ona görə də  Tusi o zaman riyaziyyatın bir çox sahələrini yaratdı. Həmin tədqiqatların bir daha dərindən təhlil edilməsinə, tusinin axtardığı yolları bir daha axtarmağa ehtiyac var. Əslində XX əsrdə digər bir azərbaycanlı – Lütvizadə də müasir riyaziyyatın çatışmazlıqlarını hiss edərək yeni axtarışların yolunu göstərdi.

Riyaziyyat elmini təkmilləşdirməyə aparan bu yolda ahəngyol elmi əvəzsiz kömək edə bilər. Burada ahəngyol elmi bir kompas rolunu oyaya bilər. Misal üçün, götürək elə  qeyri-səlis riyaziyyatı. [0, 1] şkalasıında 0 ilə 1 arasında sonsuz sayda variantlar ola bilər. Tədqiqat zamanı bu variantlar hansı tərtibdə olmalıdır? O variantlardan neçəsini nəzərə almaq daha optimal olar? Ahəngyol elmi əsaslandırır ki, müxtəlif tədqiqatlar zamanı bu variantlardan yalnız o qədər seçmək, götürmək lazımdır ki, ahəng yaransın. O tədqiqat daha adekvat, daha uğurlu tədqiqatdır ki, o ahəngin yaranmasına dah çox kömək edir. Həmin bu şərtlər gələcəkdə riyaziyyat elminin daha da  təkmilləşməsində istifadə oluna bilər.

Ahəng şərtləri.

{a1, a2…….. an} obyektləri konkret bir məqəsəd görə o zaman ahəng vəziyyətindədirlər ki, aşağıdakı  şərtlər ödənmiş olsun:

  1. Bu obyektlər bir S sistemi əmələ gətirir;
  2. S sisteminin qrşısında onun təyinatına, imkanlarına müvafiq olan bir konkret M məqsədi vardır;
  3. Bu obyektlərin həmin M məqsədinə çatmaq üçün olan imkanları bir bütöv sistem əmələ gətirir;
  4. M məqsədinə çatmaq yolunda hər bir obyektin tələbi o biri üçün mütləqdir, hökmən yerinə yetirilir;
  5. M məqsədinə çatmaq yolunda hər bir obyektin fəaliyyəti o birinin fəaliyyətini daha da gücləndirir.
  1. Rasional olmayan amillərin nəzərə alınmasınınbəzi qaydaları:

Bəs  bu ölçülə bilməyən amilləri tədqiqata necə cəlb etməli? Bu sahədə astronomların, fiziklərin, müəyyən dərəcədə bioloqların təcrübəsi vardır. Onlar da bir başa müşahidə edilə bilməyən amilləri, onların əlamətlərini öyrənərək tədqiqata cəlb edirlər. Sosial sistemlərdə də buna oxşar yolla getmək olar. Bir çox amillər var ki, onların özləri görünməsə də əlamətlərini qeyd etmək mümkündür. Misal üçün, idrakla dərk edilə bilməyən elə hadisələr var ki, onların baş vermə statistikası həmin amil barədə geniş məlumat verir. Yaxud, insanın intellekti gözlə görünməsə də müəyyən əlamətlərlə intellektual səviyyəsini ifadə edən əmsalları hesablamaq olur. İndi icad olunan bəzi mexanizmlər simvollar, əşyalar ətrafındakı müəyyən torsi sahəni də ölçə bilir. Əksər sistemlərin davranışına görə onun mahiyyətini təyin etmək olar. Bu baxımdan müəyyən əlamətlərinə görə hansısa amili nəzərə almaq lazımdır.  Başqa tip əlamətləri də qeyd etmək olur. Bəs hər hansı bir amili onun əlamətləri əsasında hansı dəqiqliklə nəzərə almaq olar? Ahəngyol elmi əsaslandırır ki, həmin əlamətlərdə ahəng çox müşahidə edildikcə, o amili  o qədər konkret olaraq nəzərə almaq lazımdır. Çünki, hər bir varlıq kainat sistemi ilə ahəngdar olaraq əlaqədədir. Əlamətlərdəki ahəng həmin obyekt, amil barədə daha dolğun məlumat anlamına gəlir. O qeyri rasional fakt tədqiqata cəlb oluna bilər ki, o rasional faktlarla ziddiyyət təşkil etməsin, əksinə, onu tamamlasın.

 

Ahəngyol elmi üçün mühüm olan bəzi məsələlər aşağıdakılardır:

Ahəng effekti. Hər hansı prosesdə müəyyən qədər ahəngə nail olduqdan sonra, elə bir effekt yaranır ki, bundan sonra sona qədər dərk edilməyən amillər də ahəngin bərpa olunub inkişaf etməsinə yardım edir. Sanki sən işığa doğru getdikcə, işiq da daha çox səni əhatə edir.

Ahəngin bərpasının ierarxik tənzimlənməsi. İstənilən təbii ierarxik sistemlərdə alt sistemlərdə ahəng pozulduqda, üst sistemlər hərəkətə gələrək ahəngi bərpa etməyə çalışır. Misal üçün, barmağı bicaq kəsib, onun ahəngini pozmuşsa, insanın bədəni hərəkətə gələrək bu ahəngi bərpa etməyə çalışır. Bu bərpa prosesi müxtəlif amillərdən asılı olaraq qısa ya uzun çəkə bilər. Bərpa mümkün olmadıqda həmin obyekti ləğv etmək lazım gəlir. Əks təqdirdə həmin obyekt artıq ahəngpozucu obyekt kimi güclənə bilər.

Həyat enerjisi.Ahəng yaratma amillərindən danışanda hökmən obyektin yaranmasında mühüm rol oynayan enerjini də nəzərə almağa ehtiyac vardır. Təəsüf ki, müasir elmdə enerji barədə konkret, yekun fikir yoxdur. Ümumiyyətlə enerji dedikdə müasir elm müxtəlif şəkildə təriflər verir.

Ahəngyola görə, enerji – hər bir varlığı təşkil edən hissəciklərin konkret təyinata malik bir sistem halında birləşməsinə yardım edən, bununla da onun mövcudluğunu  və fəaliyyətini təmin edən vasitədir. Məhz həmin vasitənin hesabına mikrohissəciklər bir sistem halında birləşərək atomu, atomlar birləşərək molekulları, molekullar birləşərək varlıqları yaradırlar. Ruh kimi, bu vasitənin də mahiyyətini sona qədər dərk etmək insanın idrakı xaricindədir. Bu vasitə də Allah dediyimiz varlığın iradəsinin daşıyıcısı olan ilahi mexanizmdir və kainatın əsas mövcudluq və fəaliyyət xüsusiyyətlərindən biridir.

Hər bir varlığın mövcudluğu üçün 4 tip enerjini fərqləndirmək olar: 1) həmin varlığın daxil olduğu ierarxik sistemdən aldığı enerji; 2) həmin varlığın özünün qidalanması hesabına öz daxilində hasil etdiyi enerji; 3) ətrafdakı varlıqlarla enerji mübadiləsi; 4) həssas dünyanın- rasional olmaya, müşahidə oluna bilməyən aləmin verdiyi enerji.  Müqayisə metodu ilə bunu asanlıqla istənilən xarakterli, o çümlədən sosial sistemə də keçirmək mümkündür. Məsələn, hər hansı tədris müəssisəsi aşağıdakı kimi “enerji” lərin hesabına mövcuddur: 1) Təhsil sistemindən(hökumətdən, nazirlikdən və s.) aldığı enerji (kömək); 2) Özünün hasil etdiyi enerji (öz potensialı); 3) Başqa tədris müəssisələri ilə enerji (təcrübə)  mübadiləsi; 4) Tam aşkar olmayan mühitin verdiyi enerji (kömək).

Ahəngyolun öz məxsusi tədqiqat metodları da vardır. Bu metodların hər birində riyazi aparat olaraq qeyri səlis(əslində səlis!) riyaziyyat ən effektli rol oynayır.

NƏTİCƏ

Bu deyilənlərlə onu əsaslandırmağa çalışdıq ki, müasir elmi sistemin daha da təkmilləşməsi üçün rasional biliklərlə yanaşı, üzərində tədqiqat aparılması mümkün olan rasional olmayan amillərdən də istifadə etmək zəruridir. Müxtəlif elm sahələrini inkişaf etdirməklə, bu bilikləri əldə etmək və tədqiqata cəlb etmək mümkündür. Tədqiqata yalnız o rasional olmayan məlumatlar cəlb edilə bilər ki, onlar rasional biliklərlə ziddiyyət təşkil etməsin, əksinə, ahəng yaratsın. Müəllif tərəfindən irəli sürülən ahəngyol elmi bu sahədə faydalı ola bilər.

Bu sahədə uğur qazanılması daha çox riyaziyyat elminin  məqəsdyönlü şəkildə inkişafı ilə bağlıdır. Bu sahədə qeyri səlis riyaziyyat sahəsində hazırlanmış metodlar, əldə edilmiş nəticələr sontakı tədqiqatlar üçün olduqca dəyərli örnəkdir.