QHT 20 yaşını qeyd edib

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” İctimai Birliyi (İB) yaranmasının 20 illiyini qeyd edib.

Öncə tədbirdə Dövlət Himni səsləndirilib. Təşkilatın sədri Tofiq Əlizadə onunyaranmasından, fəaliyyətindən, reallaşdırdığı layihələrdən söz açıb. Bildirilib ki, əsasən gənclərdən ibarət olan təşkilat 1995-ci il noyabrın 10-da Bakıda təsis edilib və 1996-cı il iyunun 19-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

T.Əlizadə xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclərin təşkilatlanması, onlar arasında milli birlik və həmrəyliyin təşkilinə köməklik məqsədilə yaranmış qurumun ötən müddət ərzində 300-dən çox tədbir keçirdiyini bildirib. Onun sözlərinə görə, dövri mətbuatda Qarabağ problemi ilə bağlı 270 məqalə və müsahibə dərc olunub, ekran-efir vasitəsilə 50-yə qədər çıxışlar edilib. Həmçinin təşkilat tərəfindən Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də işlər görülüb, məcburi köçkün ailələrinə humanitar yardımlar edilib. Özünün himni, rəsmi loqosu olan “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” İctimai Birliyi 1996-2016–cı illərdə Azərbaycanda və xaricdə gənclər hərəkatının inkişafına verdiyi töhfələrə görə dəfələrlə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və digər qurumlar tərəfindən fəxri fərman və diplomlarla təltif olunub.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev Birliyin 20 il ərzində gənclər siyasəti sahəsində apardığı uğurlu işlərdən danışıb və qurumun rəhbərinə təmsil etdiyi nazirliyin fəxri fərmanını təqdim edib.Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” İctimai Birliyinin fəaliyyətinin başqa gənclər təşkilatlarına örnək olduğunu bildirib və T.Əlizadəni fəxri fərmanla təltif edib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Arzu Məmmədzadə, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Bakı İslam Universitetinin ictimai fənlər kafedrasının müdiri Elvin Talışınski, iki şəhid anası Dürnisə Əliyeva və başqaları çıxışlarında qurumun uğurlarından söhbət açıblar.

Sonda vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

qhtxeber.az