QHT sədrləri Əli Həsənovu hədəfə götürən şəbəkə haqqında yazdılar

Qrantları bitəndə, əcnəbi dövlətlər Azərbaycana təzyiq etmək istədikdə, ölkəmiz hansısa uğurlar əldə edəndə xaricdəki anti-Azərbaycan şəbəkə hərəkətə keçir. Xarici havadarlarının və maliyyələşdikləri dairələrin sifarişi ilə Azərbaycan dövlətini, onun Prezidenti İlham Əliyevi təhqir edirlər. Havadarlarından yeni bir sifariş alanlar İlham Əliyevin komandasının üzvü olan, Prezidentin köməkçisi Əli Həsənovu hədəfə alıblar. Əli Həsənov bu barədə facebook statusunda həmin şəbəkənin planını belə ifşa edib: “Məqsəd, bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır”. Çünki xaricdəkilər yaxşı başa düşürlər ki, İlham Əliyevə sadiq bir kadrın – Əli Həsənovun fəaliyyəti, ideoloji-siyasi işi peşəkarcasına təşkil etməsi onların çirkin əməllərinin həyata keçməsinə ciddi bir maneədir.

Bu onların yeni avantürasıdır. İstismar etdikləri mövzular artıq sifariş aldıqları dairələri qane etmir. Ona görə də professor Əli Həsənovu hədəfə götürüblər. Prezidentin köməkçisini söyməklə özlərinə “çörəkpulu” qazanırlar. Xaricdə oturub internet üzərindən söyüş yağdırmaqla, virtual “qəhrəman”a çevrilməklə qrant fondlarından pul alıb firavan həyat sürməkdən rahat və keyifli nə ola bilər? Amma bu şəxslər nə qədər özlərini demokrat, hüquq müdafiəçisi, azadlıq carçısı kimi təqdim etməyə çalışsalar da elə öz içərilərindən çıxmış nümayəndələri vasitəsilə ifşa olunurlar. Öz etiraflarından bəlli olur ki, onları xaricdən alınan qrantlar biləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub.

Heç uzağa getmədən bu yaxınlarda baş vermiş, hər kəsə məlum olan Tural Sadıqlı-Məhəmməd Mirzəli arasındakı qrant davasını göstərmək olar. Qrant davasında bir-birinə olmazın ittihamlarını səsləndirən bu cütlük elə özləri də öz internet fəaliyyətlərinə qarşı çıxaraq səhifələrinin bağlanması üçün şikayət ediblər. “Made in Azerbaijan” səhifəsinin admini olan Məhəmməd, Turalı satqınlıqda ittiham edib, daha sonra şikayət edərək “youtube”də “Azad söz” səhifəsini bağlatdırıb.

Məsələ də budur ki, söyüşlə, təhqirlə, yalanla, şantajla uzağa getmək olmaz. Bu gec-tez onu edənlərin başında çatlayacaq. Necə də ki, çatlayır. Bu qrant dəllalları nə qədər xarici ölkələrdə gizlənərək Azərbaycan xalqına, dövlətinə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarına, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdırsalar da biz o qədər təmkinlə və əsaslı şəkildə onlara cavab verəcəyik. Prezidentin köməkçisi Əli Həsənov da facebook statusunda bunu vurğulayıb: “Siyasətdə qeyri-etik davranış, mənəviyyatdan kənar ifadələr, yalan, təhqir, şantaj heç kimə, o cümlədən mənim siyasi silahdaşlarıma heç bir xeyir gətirməz. Bu yolu tutanlar heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməzlər. Onların etdikləri isə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir və bu artıq heç kimə sirr deyil”.

Anti-Azərbaycan qüvvələri heç bir əsaslı fakt və arqument tapa bilməyərək şantaja əl atmağa başlayıblar. Əli Həsənovun Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimilərin qanun qarşısında cavab verməli olduqları ilə bağlı fikri isə daha çox təşvişə səbəb olub. Hər halda blogger Lapşinin tutulub ölkəyə gətirilməsi və həbs edilməsi hər kəsin, o cümlədən onların da yadındadır.

Sonda bu durumu izah edən bir deyimi yazmaq istərdik: “Baxın görün düşmənin oxu kimə yönəlibsə, deməli həmin adam düzgün adamdı, düz yoldadır”. Ona görə də xaricdən idarə olunan məlum şəbəkə, daxildən onlara züy tutanlar dəstəsi düzgün adamı, düz yolda olan adamı – Pezidentin köməkçisi, professor Əli Həsənovu hədəfə alıblar. Çünki Əli müəllim bunlara qarşı ən amansız mübarizə aparan məmurdur. Yəni görəvini layiqincə yerinə yetirir. Dövlətə və Prezidentə qarşı aparılan çırkin kampaniyanı öz üzərinə götürə bilir. Bu da əsl komanda üzvünə xas olan bir xüsusiyyətdir. O baxımdan Əli Həsənovun davranışı nümunə olmalı, təhqir və qarayaxma kampaniyasından qorxmamamlı, hər kəs onları ifşa etməli, layiqli cavablarını verməlidir.

Arzuman Abdulkərimov

Mübariz Göyüşlü

Asim Vəliyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here