QHT üzvləri əsgərlərlə görüşüb

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BEC İB) Müdafiə Nazirliyinin (MN) bilavasitə dəstəyi ilə Tərtər rayonunda ön xətdə yerləşən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüblər.

Sağlamlıq imkanları məhdud olan insanların səhhəti hərbi xidmət keçməyə imkan verməsə də onlar Azərbaycan Ordusunun əsgərləri qarşısında konsert proqramı ilə  çıxış etməyi özlərinə borc biliblər.

Korpus rəhbərliyi və hərbi hissənin komandiri MN və BEC İB-in əməkdaşlarının gəlişinin məqsədini açıqlayıb və sözü MN-nın əməkdaşı dövlət qulluqçusu Zümrüd Səmədovaya verib. O, əsgərləri, hərbi hissənin zabit heyətini salamlayıb, onlara hərbi xidmətlərində və işğal altında olan torpaqlarımızın düşməndən azad olunmasında cənab Ali Baş Komandanın verdiyi əmr və tapşırıqların yerinə yetirilməsində uğurlar arzulayıb.
BƏC İB-in sədri Tahir Xudiyev çıxışında müstəqil Azərbaycanın Milli Ordusu ilə qürur duyduğunu bildirib. O, qeyd edib ki, İB-in Azərbaycan Ordusunda və hüquq-muhafizə orqanlarında hərbi təlim görmüş 50-yə yaxın üzvünün aprel döyüşlərində Müdafiə Nazirliyinə etdikləri müraciət bu gün də qüvvədir. Belə ki, sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq onlar lazım gələrsə vətənin müdafiəsində Ali Baş Komandanın əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdırlar.
Müdafiə Nazirliyi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və hərbi hissənin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbir konsert proqramı ilə davam edib. Konsertdə İB-in Mədəniyyət şöbəsinin uşaqlardan ibarət rəqs qrupunun üzvlərinin ifa etdikləri rəqslər, 1-ci qrup əlil Allahverdi Əhmədovun özünün  yazdığı “Azərbaycan ordusu” və “Şanlı Azərbaycan” serləri, 2-ci qrup əlil Cavid Gözəlovun  gitaranın müşayəti ilə ifa etdiyi “Cənab leytenant”, 1-ci qrup əlil Müslüm Müslümzadənin ifa etdiyi “Qarabağ şikəstəsi” əsgərlər tərəfindən alqışlarla qarşılanıb. Konsertdə Ümumdünya müsabiqələr laureatı, məşhur müğənni Tacir Şahmalı oğlu və övladı Şahmalı Tacir oğlu da çıxış ediblər. Tacir Şahmalı oğlu BƏC İB tərəfindən bu tədbirə dəvət almasından və vətənin keşiyində duran əsgərlər qarşısında çıxış etməsindən qürur duyduğunu söyləyib.
Çıxış edənlər, eləcə də digər iştirakçılar – MN-nın əməkdaşı Murad Müslümov, BƏC İB-in Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov, BƏC İB-in Mədəniyyət Şöbəsinin rəhbəri Səyad Quliyeva,  İB-in  könüllüsü Emil Əliyev, ümumilikdə 20 nəfər hərbi hissədə şəxsi  heyətin vətənpərvərlik ruhunda keçirilən tərbiyəvi tədbirində iştirakına görə rəhbərlik tərəfindən Fəxri Fərmanla təltif olunub.
Tədbirdə “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı, baş leytenant Günay Tağıyeva, BƏC İB-in Qarabağ regionu üzrə nümayəndəliyinin İdarə Heyəti üzvü və İcra nümayəndəsi İlqar Qasımov, BƏC İB-in Ağsaqqallar Şurasının üzvü  Akif Babayev,  Elçin Əliyev də iştirak ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here