Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir.

Mədəniyyət və Turizm nazirliyindən verilən məlumata görə, bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı Komissiya yaradılıb.

Komissiyanın üzvləri 10 yanvarda “Şahdağ Turizm Mərkəzi”nə səfər ediblər, müvafiq qurumun idarə heyəti ilə görüşüblər. Səfər zamanı mövcud infrastukturla tanış olunub, zəruri kadr potensialının formalaşdırılması məsələləri hərtərəfli araşdırılıb.

Qeyd edək ki, Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulunu 2017/2018-ci tədris ilində mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyytaçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi planlaşdırılır.