RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.30 10:23

Rəsul Quliyev Cəmil Həsənliyə “cizgi filmi qəhrəmanı” dedi

19

Eks-spiker kadr dəyişikliyini pozitiv hadisə adlandırdı

Milli Məclisin keçmiş sədri Rəsul Quliyev AnTV.az-a geniş müsahibəsində ölkədə aparılan kadr dəyişikliklərinə və Milli Şuranın keçirdiyi aksiyalara münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda başlamış kadr dəyişikliyi 10 il yubanmasına baxmayaraq pozitiv hadisədir: “Təbii ki, hakimiyyətə gətirilmiş gənc kadrların islahat etmək arzuları, potensialları pensiyaya göndərilənlərdən dəfələrlə yuxarıdır. Pensiyaya göndərilənlər və ya başqa vəzifə alanlar cavanlıqlarında da islahatçı beyinə yox, ağaya qulluq etmək mentalitetinə malik idilər…

Yeni təyin edilmişlər iqtisadiyyatda islahat proqramını hazırlamalı və çəkinmədən həyata keçirməlidirlər. Hesab edirəm ki, bu proqramlar xalq üçün mütləq formada maksimum şəffaf olmalıdır. Eyni zamanda iqtisadi sahədə bütün vətəndaşlara eyni hüquqlu azadlıq verilməli, birmənalı olaraq korrupsiyaya, inhisara və rüşvətə son qoyulmalıdır. Bütün bunlara paralel olaraq qorxmadan siyasi reformalara başlanmalıdır. Təbii ki, bu işi də prezident və onun aparatı görməlidir. Hesab edirəm ki, hakimiyyət ölkəni sivil inkişaf yoluna çıxarmaq istəyirsə, bu başlatdığı prosesi mütləq formada siyasi reformalarla davam etdirməlidir. Düşünürəm ki, kadr dəyişikliyi prosesi davamlı olarsa, bu prosesi islahatların startı hesab etmək olar”.

Rəsul Quliyev təəssüf edərək bildirib ki, Milli Şura, daha doğrusu, Azərbaycan Xalq Cəbhəsi sonuncu mitinq imitasiyasının hərəkata vurduğu neqativ zərbəni hələ də anlamaq şansına malik deyil və heç vaxt anlamayacaqları da şübhə doğurmur: “Çox heyf ki, bu insanlar ”xalq onun liderinin kim olduğunu göstərdi” kimi fantaziyalarını hələ də sayaqlamaqda davam edirlər. Hələ də 5-6 il öncəki düşüncədədirlər. 2013-cü ildən “prezident seçkisini 66 faizlə udmuşuq”, deyən AXC-Milli Şura üzvlərinin bir neçə ay həmin o cizgi filmi qəhrəmanına (Cəmil Həsənlini nəzərdə tutur-E.) “cənab prezident” deyə müraciət etməsindən başlanan sayaqlama çox təəssüflər ki, hələ də davam edir.

Müxalifətin mübarizə metodları hakimiyyəti gücləndirməyə işləyir. Milli Şuranın keçirdiyi  mitinq xalqın oyanmağı anlamına gələ bilməz. 300-500 adamın küçəyə çıxmasını “xalq ayağa qalxdı” və “hökumət xalqın qəzəbindən qorxub qaçmağa hazırlaşır” kimi qələmə vermək həm ölkə daxilində, həm də beynəlxalq aləmdə istehza doğurur. Əslində müxalifət “xalq ayağa qalxdı” kimi yalanlardan əl çəkib “biz 500-1000 adamla bu rejimlə bacara bilmərik, azadlıq istəyirsinizsə bizimlə olun” deməlidir. Mitinqdə insanlara qarşı polisin davranışına gəlincə, insanların konstitusion hüquqlarının kobudcasına pozulması ölkənin beynəlxalq aləmdə neqativ reytinqini daha da artırır. İşğal edilmiş torpaqların geri qaytarılmasını müşkülləşdirir. Ölkənin sivil dünyaya qoşula bilmək şansını sıfıra çatdırır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı