Rektor: “Hər il ADPU -da 150 pedoqoji vəzifə seçimlər vasitəsi yenilənəcək”

“Ölkədə pedaqoji təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi dünyada baş verən dəyişikliklərə və yeniliklərə uyğun yenidən qurulması, müasir tələblərə cavab verməsi istiqamətində yeni addımların atılmasına və pedaqoji təhsilin keyfiyyətinin dünya göstəricilərinə uyğunlaşdırılmasına ehtiyac var”. Bunu Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib. O bildirib ki, bu hədəflərə nail olmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin üzərinə böyük öhdəliklər düşür: “ADPU-dan cəmiyyətin və dövlətin haqlı gözləntiləri çoxdur. Ən mühüm işlərdən biri müəllim kollektivinin və tələbələrin motivasiyasının yüksəldilməsi istiqamətində addımlardır. Universitetimizə 114 vakant yerə 500 sənəd verilib. Onların arasında 150-dən çoxu kənardan namizədliyini verənlərdir. Bundan başqa Universitetdə texniki personalın, lobarant heyəti, kitabxana işçiləri -200 -300 nəfərin attestasiyası keçirilir. Bunlar pedaqoji sahədə durğunluğun pozulması və bu sahədə olan fəaliyyəti stimullaşdırmağa dair atılan addımlardır”.

Bu gün ADPU-nun Bakı filialında 800 -ə qədər pedaqoji heyət çalışdığını deyən rektor söyləyib ki, ildə təxminən 150 nəfərin seçkilər vasitəsilə yenilənməsi, ümumilikdə isə bir neçə il ərzində pedaqoji heyətin yeni, müasir dövrün tələblərinə uyğun şəkildə seçilməsi qarşıya tələb formasında qoyulub.

C. Cəfərov qeyd edib ki, müasir insanı yetişdirmək üçün yeni təhsil modelinə ehtiyac olması günün ən aktual probleminə çevrilib: “Müasir təhsilin hədəfi problemləri həll etmək bacarığına sahib, bilgini əldə etmək yollarını bilən, analitik düşüncə qabiliyyətinə malik olan mütəxəssislər yetişdirməkdir. Bu gün tələbələrə qrup çalışması vermək, öyrətmək və onları aktiv şəkildə öyrətmə prosesinə daxil etmək təhsilin vacib vəzifəsinə çevrilib. Bu hədəflərə nail olmaq üçün müasir dövrdə müəllimlik peşəsinə yiyələnəcək kadrların bu ehtiyaclara cavab verəcək şəkildə yenidən təşkil edilməsi lazımdır. Bir vaxtlar müəllim peşəsinə olan inamın yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara malik müəllimin yetişdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi üçün ali pedoqoji təhsilin institusional əsasları infrastrukturu və insan resursları inkişaf etdirilməlidir”.

Rektorun sözlərinə görə, ölkədə insan kapitalının inkişafı məhz təhsil alan şəxslərin müasir bilik və bacarıqlara yiyələnməsi yolu ilə mümkün ola bilər: “Bu günün tələbləri olan gələcək müəllimin gələcəkdə dərs seçdiyi sinifdə qarşısına çıxa biləcək həqiqət və reallıqlara uyğun şəkildə hazırlanmaları ən əsas strateji hədəfdir. Müasir dövrün valideynləri övladlarının gələcək dövrün hədəflərinə uyğun şəkildə yetişdirilməsi üçün yeni yollar və formullar axtarırlar. Yeni minilliyin nəsli olaraq xarakterizə edilən, internet, kompüter, planşet və ağıllı telefonlarla əhatə olunan uşaqları öyrətmək və tərbiyə etmək sözün həqiqi mənasında çox çətindir. Bu işin öhdəsindən gələ biləcək müəllim kadrların hazırlanması təhsil müəssisələrinin qarşısında yeni tələblər qoyur”.

SİA