Rusiya-Azərbaycan xalqlarının münasibətlərinin gələcəyi bütün xalqların bərabərliyi siyasətindən asılıdır

Rusiya-Azərbaycan xalqlarının münasibətlərinin gələcəyi bütün xalqların bərabərliyi siyasətindən asılıdır

Fevralın 14-də Moskva Millətlər Evində “Müasir şəraitdə etnik mədəniyyət” layihəsi çərçivəsində “Rusiya və Qafqaz: mədəniyyətlərin və sivilizasiyaların dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib. Üç il əvvəl bu layihə millətlərarası münasibətlərin ən aktual suallarına cavabların axtarıldığı məkan kimi düşünülüb. Bu gün təsdiq etmək olar ki, həmin məkan baş tutub və bu sahədə aparıcı ekspertləri bir yerə toplayır.

“Dəyirmi masa”nın moderatoru, Rusiya Elmlər Akademiyasının Etiologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Tanzila Çabiyeva çıxışında qeyd edib ki, həm müasir dövrün, həm də tarixi keçmişin ən mühüm hadisələri Qafqazda birləşir. Bütün Rusiya boyu, bütün dünyada olduğu kimi, burada da etnik xüsusiyyətlər, qloballaşma, miqrasiya axınları ilə bağlı eyni hadisələr baş verir. Vəziyyətin unikallığı bundadır ki, Qafqaz yüksək polietnik və polikonfessional regiondur. Burada biz etnosların qarşılıqlı təsiri psixologiyasını müşahidə edə bilirik. Məhz buna görə də Qafqaz müxtəlif xalqların və dinlərin dinc yanaşı yaşaması, mədəniyyətlərin dialoqu texnologiyalarının sınandığı beynəlxalq məkan kimi həmişəkindən aktualdır.

“Rusiya Qafqaz Xalqları Konqresi” Ümumrusiya İctimai Hərəkatının Ali Konqresinin sədri, Rusiya İctimai Palatasının üzvü Aslanbek Paskaçev qeyd edib ki, Qafqazın polietnik olması başqa xalqlarla inteqrasiya proseslərinə həmişə şərait yaradıb. Özü də hər bir xalqın mədəniyyəti özünəməxsus və universaldır. Birincinin itirilməsi assimilyasiyaya, ikincinin itirilməsi isə təcridə gətirib çıxarır. O deyib: “Millətlərarası siyasəti bu iki faktor arasındakı incə sərhəddə qurmaq və aydın başa düşmək lazımdır ki, əslində, Qafqazda, eləcə də bütün dünyada mədəniyyətlər arasında heç bir münaqişə yoxdur. Bilik ilə cəhalətin münaqişəsi mövcuddur”.

Həqiqətən də, Qafqaz ölkələrinin və regionlarının həyatı haqqında obyektiv və müsbət informasiyanın qıtlığı müxtəlif xalqların bir-biri ilə dil tapmasında çoxlu problemlər yaradır. Amma ictimai təşkilatlar bu istiqamətdə vəziyyəti fəal surətdə düzəldirlər. Yazıçı, “Fari” Moskva Osetin Cəmiyyətinin məsul katibi Mairbek Makeyev qeyd edib ki, onun təşkilatı Moskvada ilk milli cəmiyyət olub və artıq 15 ildir millətlərarası münasibətləri yaxşılaşdırmaq istiqamətində fəaliyyət göstərir. O, xüsusi qeyd edib ki, milli cəmiyyətlərin mövcud olması polimədəni cəmiyyətdə dialoq yaratmaq üçün əsasdır.

Eyni mövqedən çıxış edən Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Natalya Krasovskaya vurğulayıb ki, yaxınlaşmağa, bir-biri ilə əlaqələr qurmağa çalışmaq hazırda postsovet məkanında ən nəzərəçarpan proseslərdən birinə çevrilib. Rusiya ilə Azərbaycanın təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində, tarixi yaddaşın qorunub saxlanılması məsələlərində əməkdaşlığı buna parlaq nümunədir. Bütövlükdə millətlərarası və dinlərarası münasibətlər sahəsində Azərbaycanın işləyib hazırladığı siyasət ilk növbədə Qafqazda onlarca xalqın və müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşamaq ənənələrinə dayanan, səmərəli qurulmuş multikultural siyasətin faktiki kvintessensiyasıdır. O deyib: “Biz Azərbaycanda unikal hadisənin şahidiyik. Burada sünilər ilə şiələr bir məsciddə ibadət edirlər. Biz orada görürük ki, müsəlmanlar pravoslavları Pasxa münasibətilə təbrik edirlər. Bunu öyrənmək və təsvir etmək lazımdır. Bunu yaymaq lazımdır. İndi Avropada multikulturalizm ideyalarının iflasa uğramasından çox danışırlar. Amma anklavların mövcud olmasına və cəmiyyətin parçalanmasına gətirib çıxaran Avropa siyasəti ilə etnik identikliyin insanın müəyyən xalqa məxsus olduğunu və eyni zamanda öz ölkəsinin vətəndaşı olduğunu dərk etdiyi vətəndaş identikliyini də ehtiva etdiyi Azərbaycan ilə Rusiyanın mövqeyi arasında çox böyük fərq var! Bu, bütün xalqları və mədəniyyətləri bərabərliyə doğru aparan multikulturalizmdir. Bu multikulturalizm yaşayacaq”.

Rusiya ilə Azərbaycanın təcrübəsinin gec-tez bütün ölkələr tərəfindən mənimsəniləcəyinə əmin olan Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Qloballaşma proseslərinin milli mədəniyyətləri eyniləşdirdiyi, guya universal olan dəyərlərin zorla qəbul etdirildiyi zəmanəmizdə bu təcrübə sülhün saxlanılması üçün misilsiz ola bilər. Bu, müasir dövrün çağırışlarına yeganə adekvat cavabdır”.

AZƏRTAC