RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

“Rusiya birbaşa, ABŞ isə dolayısı ilə Ermənistanın arxasında olub” – politoloq

15

Qafar Çaxmaqlı: “Prezidentlərin Amerikaya dəvət olunmasının özü nə isə deyir”

“ATƏT-in Minsk qrupu elə əvvəldən belə bir prinsipi yürütməyə çalışıb: danışıqlar davam etdirilsin. Onları nəticə almaq o qədər də maraqlandırmır. Soruşanda isə son qərarın münaqişə tərəflərincə veriləcəyini deyirlər”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri Azərbaycan və Ermənistan rəhbərliyi arasında gözlənilən Vaşinqton görüşünü Musavat.com-a şərh edərkən bildirdi. Qeyd edək ki, iki ölkənin XİN başçılarının görüşünün ABŞ paytaxtında keçiriləcəyi anons edilib. Ermənistan XİN başçısı isə deyib ki, ABŞ-da Azərbaycan və Ermənistan liderləri bir araya gələ bilər. Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyi barədə də məlumat yayılıb.

Q.Çaxmaqlı hesab edir ki, görüşlər müsbət perspektiv vəd etmir: “Münaqişə tərəfləri saysız hesabsız görüşlər keçirir və heç bir məsələdə “anlaşmırlar”. Anlaşmaq isə, artıq dəfələrlə qeyd etmişik, sadəcə olaraq mümkün deyil. Bu vəziyyət isə Ermənistanın maraqlarına uyğun gəlir. Son aylarda Ermənistan açıq şəkildə bu danışıqların davam etdirilməməsi və münaqişənin həll edilməməsindən yana fəaliyyətlər göstərib. Paşinyan deyilən adamın avantürist çıxışları bu məqsədə xidmət edib və yeni görüşdən sonra da onun bu tərbiyəsiz hərəkətlərinin şahidi olacağıq. Çünki o dövlət başçısı deyil, müəyyən dövrdə bəlli bir missiya yerinə yetirməyi öhdəsinə götürmüş missionerdir. Onunla yeni bir görüşün ciddi nəticə verəcəyinə inanmıram. Bu səbəbə görə ki, Ermənistan tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərşivəsində həllinə razılaşmır. Biz isə təbii ki, münaqişənin həlli ilə bağlı başqa seçənəyi qəbul etmirik. Demək məsələnin həllinin başqa yollarını sınamaq lazımdır. Başqa yol da məsələnin hərbi yolla həllidir. Vaşinqton danışıqlarında bu seçimi dilə gətirib, Azərbaycanın öz torpaqlarını hansı yolla olursa-olsun azad etmək haqqının olduğunu bəyan etmək lazımdır. Prezidentimiz onsuz da bu fikirdə olduğunu dəfələrlə bəyan edib”.

Qarabağ danışıqlarının Vaşinqton raundu ilə bağlı ABŞ və Rusiyanın ortaq mövqeyi varmı, yoxsa bu paytaxtlar rəqabətdədir? Vaşinqton görüşü ərəfəsində gərginlik tətiklənə bilərmi?

Q.Çaxmaqlı: “Əlbəttə, bu iki ölkə arasında rəqabət var. Amma bu rəqabət təşəbbüsü ələ almaq rəqabətidir. Amerikanın bölgədə strateji maraqlarından qaynaqlanan yeni təkliflər ola bilər. Çünki Amerika son nəticədə Rusiyanı hədəf alan siyasi məqsədləri reallaşdırmaq istəyindədir. Qarabağla bağlı müəyyən əngəllərlə rastlaşdığından onun burada fəal olması Rusiyanı məmnun etmir. Amma Amerikanı təşəbbüsü ələ almasının bizim xeyrimizə olacağı da müəmmadır. Rusiya birbaşa, ABŞ isə dolayısı ilə Ermənistanın arxasında olub və bundan sonra belə olmayacağını kimsə söyləyə bilməz. Bu görüşün yeni münaqişəyə yol açacağı ehtimalları da var. Çünki həm münaqişə tərəfləri, həm də vasitəçilər arasında ciddi rəqabət var. Hər halda, prezidentlərin Amerikaya dəvət olunmasının özü nə isə deyir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı