Rusiya və Türkiyə arasında İdlib “düyünü”

Suriyanın şimalında İdlib vilayətində gərginlik günü-gündən yüksəlir. Ən son olaraq İdlibdə Türkiyə ordusuna məxsus müşahidə məntəqəsinin Suriya ordusu tərəfindən atəşə tutulması gərginliyi daha da yüksəldib.

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, İdlibdə gərginliyi azaltma bölgəsinə daxil olan Tall Bazan rayonu Murak məntəqəsində yerləşən Türkiyə ordusuna məxsus 9 saylı müşahidə məntəqəsi bazar ertəsi Suriya ordusu tərəfindən minaatanlarla atəşə tutulub. Türkiyə ordusu cavab atəşi açıb.

İdlibdəki gərginliyə Çində səfərdə\ olan Suriya xarici işlər naziri Vəlid Muallim də münasibət bildirib. Pekində mətbuat konfransı keçirən Muallim bildirib ki, Suriya Türkiyə ilə toqquşma istəmir. Sitat: “Ümid edirik ki, ordumuz Türkiyə ordusu ilə savaşmayacaq. Bu bizim prinsipial mövqeyimizdir”.

Suriya XİN rəhbəri deyib ki, onların əsas düşməni İdlibdəki terrorçulardır. İdlibin Suriya ərazisi olduğunu deyən Muallim Türkiyənin Suriya ərazisində ordu saxlamasını “işğal” adlandırıb. Vəlid Muallim Türkiyənin İdlibdə əl-Qaidənin Suriya qolu ən-Nusra cəbhəsi və uyğurlardan ibarət Türkistan İslam Cəbhəsi kimi qrupları qorumağa çalışdığına işarə edən Muallim Ankaranın bu suallara cavab verməli olduğunu deyib.

Baxmayaraq ki, Türkiyə və Rusiya daha əvvəl Astana, indi isə Soçi prosesini birgə aparır, Suriya münaqişəsinin həllində yaxından iştirak edirlər, amma indi İldib məsələsi Rusiya və Türkiyə arasında əsas fikir ayrılığı mənbəyidir. Yeri gəlmişkən, Muallimin etiraz etdiyi İdlib anlaşmasını 2018-ci ilin sentyabrında Ərdoğan və Putin Soçi görüşündə razılaşdırıb. Həmin görüşün nəticələrinə əsasən İdlibdə Rusiya, İran və Türkiyənin iştirakı ilə atəşkəsə nəzarət məntəqələri yaradılıb. Tərəflərin təmas xətti arasında silahsızlaşdırılmış bölgə yaradılıb. Yəni Türkiyənin İdlibdəki ordu qüvvələri Suriya hakimiyyətinin əsas himayəçisi olan Rusiyanın razılığı ilə orda yerləşib.

Lakin indi İdlib mövzusu Ankara və Moskva arasında əsl soyuqluq mənbəyinə çevrilib. Çünki Suriyanın şimalında, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayəti hazırda tamamilə suriyalı müxaliflərin nəzarətində olan, ən-Nusra və HTŞ, Təhrir əş-Şam və sair radikal silahlı qrupların yerləşdiyi bir regiondur. Təbii ki, indi həm Suriya hökuməti, həm də Rusiya bu vilayətin silahlılardan təmizlənib Suriya ordusunun nəzarətinə keçməsini istəyir. Çünki belə olarsa o zaman Türkiyə və Suriya sərhədinin böyük bölümü rəsmi Dəməşqin nəzarətinə keçər, eyni zamanda Rusiya ordusunun əsas bazalarının yerləşdiyi ərazi silahlıların təhdidindən azad olar.

Ancaq məsələ ondadır ki, müharibədən əvvəl 1,5 milyon əhalinin yaşadığı İdlibdə indi 3 milyona yaxın insan yaşayır. Bunun böyük bir qismi isə son 3 ildə Suriyanın digər bölgələrindən qaçaraq İdlibə yerləşən silahlılar və onların ailələri, yəni ümumi mənada hökumətə müxalif olanlardır. Yəni İdlibdə əməliyyat başlasa bu insanların böyük bir qismi Türkiyəyə qaçacaq. Digər tərəfdən, İdlibdə əl-Qaidə və bənzər qruplar, həmçinin uyğurlardan ibarət Türkistan İslam Partiyası adlı təşkilatın silahlı qanadı var. Bu insanlar İdlibdə yerləşib və müharibə olarsa onlar da Türkiyəyə qaçmalı olacaqlar. Bundan başqa İdlibin hökumətin nəzarətinə keçməsi Suriyada keçid prosesində hərbi müxalifətin rolunu demək olar ki, sıradan çıxarır. Çünki yerdə yalnız Türkiyə ordusunun “Fərat Kalkanı” və “Zeytin Dalı” əməliyyatları nəticəsində nəzarətə götürdüyü bölgələr qalır.

Bu səbəbdən də Türkiyə İdlibdə hökumət qüvvələrinin əməliyyat keçirməsini istəmir. Moskva isə vaxtın uzadılmasınan narazıdır və tezliklə əməliyyatın keçirilməsini istəyir. Məhz bu mövzuda Ankara və Moskva hələ də anlaşa və ortaq variant atap bilmirlər. Qeyd edək ki, daha öncə Türkiyə dəstəklədiyi hərbi birliklər vasitəsilə İdlibdəki terrorçu qrupları təmizləməyə çalışsa da, bu, mümkün olmadı. Üstəlik əhalinin həddən artıq sıx məskunlaşması və terrorçu qruplarla müxaliflərin qarışıq olması vəziyyəti daha da mürəkkəbləşdirir.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Soçidə əldə olunmuş razılaşmaya əsasən Türkiyə ordusunun bölgədə 12 ədəd atəşkəsə nəzarət məntəqəsi mövcuddur. Soçi razılaşmasına əsasən İdlibin mərkəzindən keçən silahdan təmizlənmiş bölgə yaradılacaq, şimal qalan bölgələrdə isə atəşkəsə nəzarət ediləcəkdi. Silahdan təmizlənmiş bölgədə isə Rusiya və Türkiyə ordusu patrulları hərəkət etməli idi. Ancaq bu planın bəzi məqamları işləmədi. Üstəlik, bu anlaşmadan sonra İdlibin böyük hissəsi HTŞ-nın, yəni ”Əl-Qaid”ənin nəzarətinə keçdi.

Ən son olaraq silahlıların hücumlarının artması, eləcə də Türkiyənin təsirində olan qüvvələrin İdlibdə gücünün zəifləməsi Suriya hökumətinin İdlibə hücumu üçün əsas verirdi. Moskva isə hələ ötən ildən İdlibdə nəzarətin “Əl-Qaidə”də olduğunu əsas gətirərək vilayətdə antiterror əməliyyatlarının başlamasını təklif edirdi. Son zamanlar silahlıların yenidən fəallaşması Rusiya və Suriya hökumətinin İdlibdə əməliyyata başlaması üçün əsas verir.

Bölgə analitiklərinə görə, Suriya hökumətinin hələlik İdlibin cənubunda başlatdığı əməliyyatın əsas hədəfinin Dəməşq, Hums, Hama şəhərləri də daxil olmaqla, ölkənin mərkəzindən Hələb şəhərinə və şimal sərhədlərinə qədər birləşdirən M-5 magistralının və Hələblə qərb rayonları, o cümlədən Laziqiyyə vilayətini birləşdirən M-4 magistralının silahlıların nəzarətindəki hissəsinin azad edilməsidir. Bundan başqa, Laziqiyyə əyalətində Rusiyanın hərbi bazaları, o cümlədən əsas hərbi hava bazası olan Xmeymim yerləşir. Bu bazaya ara-sıra silahlı müxaliflərin hücumları baş verir.

Musavat.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here