Rusiyada erməni əsilli media maqnatının holdinqi barədə müflisləşmə iddiası qaldırılıb

Rusiya Federal Vergi Xidməti bu ölkədəki erməni əsilli media maqnatı Aram Qabrelyanovun “News Media” holdinqinə məxsus “Jizn” qəzetinin və “Life” telekanalının müflisləşməsi barədə ərizə ilə müraciət edib. “Kommersant” qəzeti yazır ki, “Life” telekanalının vergi borcundan başqa Krımda apardığı yayıma görə Rusiya teleradio şəbəkəsinə də borcu var.

Qabrelyanov isə mətbuata müsahibəsində holdinqin vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş “Unifin” bankına köçürdüyünü iddia edir.

Bundan əlavə, “Life” telekanalının verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya teleradio şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə 3,5 milyon rubl borcu var.

Hazırda “Life” telekanalı Krım ərazisində yayımını dayandırıb. Qabrelyanov bunu efir yayımının bahalığı ilə izah edib.

Xatırladaq ki, A.Qabrelyanova məxsus “Life” telekanalının çəkiliş qrupu Dağlıq Qarabağda aprel döyüşləri zamanı Tərtər rayonundan çəkiliş edərkən yalan məlumatlar yaydığına görə Azərbaycan ərazisindən çıxarılmışdı.

AZƏRTAC