RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

“Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub

26

İyulun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı rolundan danışıb. Bildirib ki, Yunus Oğuz müstəqillik dövründə Azərbaycan ədəbiyyatında tarixi romanın əsas yaradıcılarından biridir. O, tarixi mövzuda 10-dan çox romanın müəllifidir. Bu əsərlərdə Azərbaycanın dövlətçilik tarixi, milli dövlətçilik təfəkkürü, azərbaycançılıq ideyaları ön mövqedə dayanır, aparıcı xətti təşkil edir. Yunus Oğuzun romanlarında tarixlə bədii düşüncənin balansı ustalıqla gözlənilir, tarixi faktlar, reallıqlar qorunaraq bədiiləşdirilir.

“Ümid edirəm ki, yazarın “Səfəvi Şeyxi” tarixi romanı digər əsərləri kimi ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacaq”, – deyə akademik İsa Həbibbəyli qeyd edib.

Təqdimat mərasimində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, yazıçı-publisist Yunus Oğuzun tarixi romanları müasir təfsir dilində verilib. Onun romanları hekayələr üzərində qurulub, onları tarixi hekayətlər də adlandırmaq olar.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov bildirib ki, yazıçının ustalığı ilk növbədə özünü tarixi həqiqəti olduğu kimi təqdim etməsində göstərir. Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının əvvəlki əsərlərindən üstünlüyü ondan ibarətdir ki, burada tarixin gedişinə daha çox diqqət ayrılır. Əsərdə Üçkilsə ilə bağlı maraqlı məqamlara, erməni ideologiyasının formalaşdırılması məsələlərinə toxunulur.

“Şübhəm yoxdur ki, Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı Azərbaycan tarixi epopeyasını xeyli zənginləşdirəcək”, – deyə akademik Nizami Cəfərov vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı, professor Elman Nəsirov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yunus Oğuzun “Səfəvi Şeyxi” romanının məziyyətlərindən danışıblar.

Vurğulanıb ki, Yunus Oğuzun qəhrəmanları tarixdən gəlsələr də, onların arzuları, ideyaları bu günümüzlə səsləşir. Yazıçı Azərbaycan tarixinin auditoriyaya çatdırılmasında çox uğurlu bir yol seçib. Akademik kitablar tarixi faktlarla yüklü oduğundan onları qavramaq çətin olur. Amma Yunus Oğuzun tarixi romanlarında tarix anlaşıqlı, rəvan bir bədii dillə təqdim olunur. Onun əsərlərində tarixə yeni və fərqli yanaşma var.

Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Lalə Həsənova, Elnarə Qaragözova və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər. “Səfəvi Şeyxi” romanının həm ədəbiyyatımıza, həm də tariximizə qiymətli töhfə olduğunu bildiriblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı