Şəki Regional Elmi Mərkəzində baramaçılıq və ipəkçiliyin inkişafı müzakirə olunub

Kənd Təsərrüfat Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) olub.

Məqsəd iki qurum arasında əməkdaşlıq imkanlarının müzakirəsi, həmçinin ŞREM-in yeni inşa olunmuş kümxanası və tut bağı ilə tanışlıq olub.

Görüşdə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü çıxış edərək “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nı xatırladıb. Alim “Dövlət Proqramı”nın həyata keçirilməsi üçün AMEA-nın da üzərinə vəzifələr qoyulduğunu bildirib və Rəyasət Heyətinin 20 dekabr 2017-ci il tarixli qərarı barədə məlumat verib. Bildirib ki, qərarda yeni məhsuldar ipəkqurdu cinslərinin və hibridlərinin yaradılması, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyalarının öyrənilməsinin tətbiqi, bu sahədə fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili və digər müddəalar əksini tapıb.

Y.Şükürlü sözügedən işlərin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı, Maliyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstək verəcəyini diqqətə çatdırıb.

Sonda iki qurum arasında əməkdaşlığa dair razılıq əldə olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here