Sənin aydakı hüznün – esse

Dialoq.info  Ağcabədi Pedaqoji Kollecinin laborantı Çinarə Quliyevanın essesini təqdim edir.

 

Yenə gəldi sakit, qaranlıq, səssiz gecə. Və o ecədə parlayan ulduzlar. Qaranlığın ənginliklərində ay.

Sanki, o da ətrafdakı ulduzlara rəğmən təkdir. Kədərdən üzünə ləkələr düşmüş aya baxarkən, onda sənin simanı canlandırdım. Onunla, sanki, səninlə söhbət edirmiş kimi söhbət etdim. Uzun müddət dərdləşdim. Uzun-uzun səni nə qədər çox sevdiyimdən danışdım. Arxa çevirmədi mənə, sakitcə dinlədi. Sanki, o da eyni şeyləri yaşayırmış kimi kədər çökdü üzünə. Qara buludlar arxasında gizləndi bir an.. kədəri görünməsin deyə mənim kimi. Kədərimi gizlətməyə çalışdığım günün bitməsini və gecənin səssizliyinin gəlməsini gözləyirəm səbrsizliklə.

Nəhayət, o səssiz gecə – kədərdən üzünə ləkələr düşmüş ay və mən. Sakitcə dərdləşirik. Hərdən gizlənir buludlar arxasında onu gizlətsin deyə. Nisgilini. Bəlkə də, mənim üzümdəki hüznü, gözlərimdəki qaranlığı görməmək üçün gizlənir.. öz kədərini bəhanə edərək. Amma bu gecə ay, sanki, mənə küskündür. Görünmədi, gizləndi uzun-uzun. Sakit, qaranlıq otaqda gecənin səssizliyini dinləyib sənsizliyin kədərini yaşayıram indi. O ötən günləri bir-bir xəyalımda canlandırıb nə tez bitdiyini düşünürəm. Bax buraxdığın o əllər artıq buz kimidir. O gözlər artıq parlamır, sevgiylə baxmır heç kəsə, qaranlıq çöküb üzərinə. Qəlbimin döyüntüsü duyulmur.

Bəlkə də, sən uzaqda xoşbəxtsən. Bəs arxanda buraxdığın yaşlı gözlərdən xəbərin var mı? Gözlərimdən süzülən yaşlardan, ürəyimdən qopan fəryad dolu fırtınalardan xəbərin var mı? Getdiyin yollara dikilib gözlərim… bəlkə, dönərsən deyə. İz saldığın izlərdən soruşur səni sözlərim.. bir xəbər var mı deyə. Sanki, hər şey lal olub. Səni məndən qoparan yollar belə suallarıma cavab verə bilmir.

Bax, sevgilim! Dön bir geriyə bax! Ardında buraxdığın yaşlı gözlərin, qırdığın qəlbin fəryadını duy. Yuxularıma da gəlmirsən artıq. Onlar da sənə küskündür. Son nəfəsdəyəm, duy səsimi …