S-400 raketlərinin Türkiyəyə çatdırılacağı tarix bəlli oldu – 2019-cu ilin sonları

Ankara Rusiyanın S-400 “Triumf” zenit-raket kompleksinin ilk batareyasının 2019-cu ilin sonlarına qədər Türkiyəyə çatdırılacağına və bundan sonra onların müştərək istehsalına başlanılacağına ümid edir. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Türkiyə-Rusiya münasibətləri: gələcəyin obrazını formalaşdıraraq” forumunda çıxış edərkən deyib.

“S-400 kompleksləri ilə bağlı Türkiyə tərəfinə çox sayda haqsız təzyiqlər edilib. Biz qərb müttəfiqlərimizlə bu məsələ ətrafında uzun-uzadı, lakin nəticəsiz danışıqlar apardıq. Bundan sonra digər ölkələr arasında tender təşkil etmək istədiyimizi bildirdik. Rusiya tərəfi səmərəli təklif etdi. Gələn ilin sonlarında ilk S-400 batareyası Türkiyəyə çatdırılacaq, sonra isə onların müştərək istehsalına başlanılacaq”, – deyə o, bildirib.

İbrahim Kalın Türkiyənin, həmçinin ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini alacağını da istisna etməyib.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəliblər. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.

Uzaq məsafəli S-400 “Triumf” zenit-raket sistemi 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin silahlanmaya daxil olduğunu bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here