“Sabahın alimləri” VI respublika müsabiqəsi başa çatıb

“Sabahın alimləri” VI respublika müsabiqəsi başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkəti tərəfindən birgə təşkil olunan “Sabahın alimləri” VI respublika müsabiqəsi başa çatıb.

Müsabiqənin əsas məqsədi şagirdlərə elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və iştirakçılar arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.

Fevralın 17-də AMEA-nın Əsas binasında müsabiqənin yekununa həsr olunan tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahələrin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri 125 elmi layihə ilə iştirak ediblər. Onlardan 77-si kollektiv, 48-i isə fərdi layihədir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Çıxış edənlər qalibləri təbrik edib, uğurlar arzulayıblar.

Sonda qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.