“SABAH”ın müəllimi” adlı ali məktəb müəllimlərinin 1-ci forumu işə başlayıb

Mayın 19-da “Hayatt Regency” mehmanxanasında “SABAH”ın müəllimi” adlı ali məktəb müəllimlərinin 1-ci forumu keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun olaraq təhsil sahəsində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Tədbirdə məlumat verilib ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılıb. “SABAH” layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda “SABAH” qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisası və 2.300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq “SABAH” tələbəsi məzun olacaq.

AZƏRTAC