Şabranda aprel şəhidi Babək Abidov yad edilib

Şabran şəhərində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Babək Abidovun xatirəsinə həsr olunmuş yeniyetmə və gənclərin iştirakı ilə cüdo turniri keçirilib.

Yarış “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin reallaşdırdığı “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” layihəsi çərçivəsində təşkil olunub.

Yarışın açılış mərasimində layihə rəhbəri Ramin Mahmudov çıxış edərək aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb, gənclərə Vətənin igid övladlarının qəhrəmanlığı barədə məlumat verib. Vurğulanıb ki, turnirin məqsədi gənc nəslə aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın igidliklərini və şərəfli həyat yolunu təbliğ etməklə onların xatirəsini daim yaşatmaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etməkdir.

Tədbirdə çıxış edənlər Şabran rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, Şabran rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Bağırzadə, Şabran rayon cüdo bölməsinin məşqçi-müəllimi Asif Abdullayev şəhidin xatirəsinə həsr olunan turnirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, vətənpərvərlik hislərinin yüksəldilməsində bu kimi təbliğata daim ehtiyac olduğunu qeyd etmişlər.

Rəsmi hissə başa çatdıqdan sonra 10 çəki dərəcəsində cüdo turnirinə start verilib.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplom və medallar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihə çərçivəsində Quba rayonunda isə gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here