“Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib.
Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində növbəti silsilə tədbirlərini davam etdirir.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə və həkim-metodist Lətafət Dadaşova Bakı şəhəri 5 saylı tam orta məktəbdə “Zərərli vərdişlərin fəsadları: kobud (aqressiv) davranışın əsas səbəbləri” mövzusunda şagird və müəllim auditoriyası qarşısında çıxış ediblər. L. Dadaşova zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə yarana biləcək ağır fəsadlar barədə iştirakçıları məlumatlandırıb: “Tütünçəkmə, eləcə də digər zərərli vərdişlər bir sıra nəfəs yolları, ürək-damar və digər xəstəliklər törətməklə yanaşı, həm də insan psixologiyasına olduqca mənfi təsir göstərir”.
L. Dadaşova aktiv həyat tərzinin gənclərdə məsuliyyət duyğusunu artırdığını, hisləri idarə edə bilmə qabiliyyətini gücləndirdiyini və çevikliyi təmin etdiyini vurğulayıb.
Ş. Mirzəzadə məktəblərdə sağlam həyat tərzinin təşviqi, uşaqlarda sağlam davranışların inkişaf etdirilməsi metodlarını, məktəbdəki rifahın onların gələcək həyatlarına təsiri kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb. Gənclərin yeniyetmə dövründə zərərli vərdişlərə düçar olmasına səbəb olan ən vacib psixoloji amillərdən söz açan Ş. Mirzəzadə bildirib ki, zərərli vərdişlərə qarşı mübarizə, profilaktika tədbirləri ailə və məktəbdən başlamalı, yeniyetmələrin davranış dəyişkənliyinə mütləq diqqət yetirilməlidir.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here