Sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsindəki uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.

ƏƏSMN-dan verilən məlumata görə, tədbir 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilir. Sərginin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbələri iştirak edib. Tədbirdə universitetin rektoru Gülçöhrə Məmmədova sağlamlıq imkanları məhdud uşaqların bacarıq və qabiliyyətlərinin cəmiyyətə tanıdılmasının əhəmiyyətindən bəhs edib. O, universitetdə belə bir sərginin təşkil olunmasının ali təhsil müəssisəsinin müəllim və tələbə heyəti üçün böyük maraq kəsb etdiyini bildirib.

1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova müəssisədə uşaqların daimi dövlət təminatında yaşadıqlarını, hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib.

Tədbirdə bildirilib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir və onlarda 330 nəfərdən çox uşaq yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə hər iki müəssisədə müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Bu müəssisələrdə hər bir uşağa fərdi qaydada yanaşılır, onların dərk etmə, sosial və emosional bacarıqlarının inkişafı üçün sosial reabilitasiya yönümlü işlər də görülür. Eyni zamanda, bu müəssisələrdə uşaqların müəyyən əmək vərdişlərinə, qabiliyyət və bacarıqlara malik olmaları üçün müxtəlif dərnəklər, mini emalatxanalar fəaliyyət göstərir. Uşaqlar bu emalatxanalarda öz bacarıqları müqabilində və əmək müəllimlərinin təlimi əsasında müxtəlif növ (rəsm, tikmə, ağac üzərində oyma, sap və muncuqla toxuma və s.) əl işləri hazırlayırlar. Onların hazırladıqları əl işlərinin cəmiyyətə tanıdılması üçün müvafiq tədbirlər görülür və hazırda təşkil olunan sərgi də bu tədbirlərin davamıdır.

On gün davam edəcək sərgidə 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində yaşayan uşaqların hazırladıqları əl işləri maraqla qarşılanıb. Sərgininn açılışı zamanı müəssisəsinin balaca sakinlərinin ifasında şeirlər, mahnılar səslənib, rəqslər təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here