Şah İsmayıl Xətainin xətt nümunələri aşkarlanıb

Şah İsmayıl Xətainin xətt nümunələri aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib.

İnstitutdan bildiriblər ki, burada Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb. Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti əlimizdə idi. İndi isə Münxenin Baviyera Dövlət Kitabxanasında saxlanan əsərin 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb. Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Ehtimal ki, bu xətt nümunəsi Çaldıran döyüşündən əvvəl yazılıb. Osmanlı imperatoru birinci Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparıb. Əsər sonradan Avropaya aparılıb.

Qeyd edək ki, Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münxenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türkiyəli alim İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib.

AZƏRTAC