Şamaxıda III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirilir

Şamaxıda III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirilir

Mayın 17-də Şamaxı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkiyənin Amasiya Universiteti, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Amasiya Azərbaycan Türkləri Kültür-Sanat və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun açılış mərasimi olub.

Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək simpoziumun keçirilməsində əsas məqsədin Azərbaycanın sufi şairlərindən Həmzə Nigarini beynəlxalq səviyyədə tanıtmaq, həmçinin türk və İslam dünyası barədə araşdırmalarını dəyərləndirmək olduğunu bildirib. Alimin həyat və yaradıcılığı barədə məlumat verən İ.Həbibbəyli qeyd edib ki, Həmzə Nigari XIX əsrdə Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüf şeirləri yazan divan şairlərindən olub. Şairin “Vətən sevgisi imandandır” sözünü rəhbər tutaraq şeirlər yazdığını xatırladan akademik bu misraların Qarabağda, Qazaxda, Borçalıda, Amasiya ətrafında, Şərqi Anadoluda yaşayan türklər tərəfindən əzbərləndiyini söyləyib.

Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Həmzə Nigari yaradıcılığında sufi dəyərlər”, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Büyük türk sevdalısı Hüseyin Cavit’in fikir dünyasının gelişmesinde İstanbul mühitinin rolü” mövzusunda geniş məruzə ilə çıxış ediblər.

Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərlinin “Türk ədəbi-mədəni təfəkküründə sufizm”, institutun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Nəzakət Məmmədlinin “Seyid Nigarinin təsəvvüfi görüşləri”, həmin müəssisənin elmi işçiləri – İradə Vəzirovanın “Seyid Yəhya Bakuvi-Şirvani müasir tədqiqatçıların araşdırmalarında”, Şəhla Xəlillinin “Balkan yarımadasında türk ədəbi mühiti və Əlaəddin Sabit Bosnəvi”, institutun dissertantları – Şəfa Muradovanın “Şeyx İbrahim Gülşəni yaradıcılığında sufizmin əksi”, Könül Məhərrəmovanın “Ulu Turan aşiqi Hüseyn Cavidin ədəbi irsi XX əsr Türkiyə ədəbiyyatşünaslığında”, institutun magistrantı Nəzrin Atabəylinin “İmadəddin Nəsimi poeziyası müasir alman ədəbiyyatında”, Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Könül Məhərrəmovanın “Ulu Turan aşiqi Hüseyn Cavidin ədəbi irsi XX əsr Türkiyə ədəbiyyatşünaslığında” mövzusunda məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans öz işini mayın 18-də başa vuracaq.

Science.az