Samux rayon Heydər Əliyev Mərkəzində “Muzeylər və müasir gənclər” adlı tədbir keçirilib

Samux rayon Heydər Əliyev Mərkəzində YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş, “Muzeylər və mübahisəli tarixi məqamlar” mövzusu istiqamətində “Muzeylərdəki tarix və müasir gənclər” adlı tədbir keçirilib. Mərkəz, muzey əməkdaşları və gənclərin iştirak etdiyi tədbir 18 may Beynəlxalq Muzeylər gününə həsr olunub.
Tədbiri giriş sözü ilə açan Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə  “Ümummilli liderimiz sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Bu gün də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi , öz tarixinə, mədəni irsinə sevgi və hörmət hissinin  yüksəldilməsi diqqət mərkəzində saxlanılır.” fikirləri ilə başlayıb.
Tədbirdə “Muzeylər və müasir tarix”,  “Mədəni irsin təbliğində gənclərin rolu”, “Qədim Azərbaycan və tarix ”, “Şuşadakı yaralı tarix” və s. mövzularda müzakirələr aparılıb.
Mərkəzin fond müdiri Raziyyə Qasımova da çıxış edərək vurğulayıb ki, qədim yurdumuzun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində Heydər Əliyev Mərkəzləri əhəmiyyətli rol oynayır.
Tədbirin sonunda  öz işində seçilən mərkəz işçiləri fəxri fərmanla mükafatlandırılıblar.
Tədbir iştirakçıları  Heydər Əliyev Mərkəzinin muzey hissəsindəki eksponatlarla, Qədim Azərbaycan Xəritəsini əks etdirən elektron löhvə ilə, rayonun qədim tarixi inciləri ilə zəngin Samux Rayon Tarix və Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Onlar hər bir muzey haqqında ətraflı məlumat alaraq eksponatlarla yaxından tanış olublar.
Onu da qeyd edək ki, Samux Rayon Heydər Əliyev Mərkəzində 18-20 may tarixlərində Beynəlxalq Muzeylər günü münasibətilə  rayon ictimaiyyəti və qonaqlar üçün “açıq qapı” günləri və silsilə tədbirlər davam etdiriləcək.