Sankt-Peterburqda “Qaliblərin Beynəlxalq Forumu” öz işinə başlayıb

Bu gün Rusiyanın Şimal paytaxtı Sankt-Peterburqda şəhərin faşist blokadasından azad olmasının 75-ci ildönümü münasibətilə “Birliklə əldə olunan Böyük Qələbə” adlı Qaliblərin Beynəlxalq Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdən öncə Forum iştirakçıları Sankt-Peterburqun faşist blokadasından azad olması şərəfinə ucaldılan memorial abidənin ziyarət edib, qarşısına əklil qoyublar.

Tədbirdə MDB ölkələrindən olan nümayəndə heyətləri iştirak edir. Forumda Azərbaycanı Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev və digər media və ictimai təşkilatların nümayəndələri də tədbirdə iştirak edirlər.

Forumun açılış mərasiminə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy moderatorluq edir.

Tədbirdə çıxış edən Sankt-Peterburq şəhərinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Dmitriyeviç Beqlov qonaqları salamlayıb və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Sonra Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə milli və mədəni əlaqələr İdarəsinin rəisi V.A.Çernov, Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini A.A.Qaqloyev, Böyük Vətən Müharibəri veteranı V.P.Vaseçkiy çıxış edərək alman faşistləri tərəfindən Leninqradın blokadaya alınmasıdan və bütün sovet xalqlarının birgə mübarizəsi nəticəsində Böyük Qələbənin əldə edilməsindən danışıblar.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, Azərbaycan xalqının 600 mindən çox mərd oğul və qızı ön cəbhələrdə rəşadətlə vuruşaraq qəhrəmanlıq göstəriblər. Döyüşlər zamanı 300 mindən çox azərbaycanlı həlak olub. Qeyd edib ki, Azərbaycan neftinin Böyük Vətən müharibəsində qələbənin qazanılmasında oynadığı rol böyükdür. Demək olar ki, döyüşə atılan hər bir tank və təyyarənin yanacağı Bakı nefti ilə təmin edilirdi. Azərbaycan xalqının Böyük Vətən müharibəsində rolu və xidməti misilsizdir.

Daha sonra Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti M.C.Cumatayev, Rusiyanın “Axtarış hərəkatı”nın icraçı direktoru E.M.Çunayeva və digərləri çıxış ediblər.

Tədbir “Arxa və ön cəbhələrin birliyi – Böyük Qələbənin təməlidir”, “Axtarış – unutmamaqdır”, “Müsir mediada tarixin saxtalaşdırılmasına qarşı atılan addımlar” adlı panellərdə davam etdiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here