science.gov.az portalı Geologiya ve Geofizika İnstitutunun Fəxri fərmanı ilə təltif olunub

Bu gün AMEA Geologiya ve Geofizika İnstitutunda ölkənin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub. Əsas məqsəd Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyini, eləcə də qurumun elmi fəaliyyətini müntəzəm olaraq işıqlandırdığına görə bir sıra mətbuat orqanlarının fəxri fərmanlarla təltif edilməsi idi.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bu qurumun tarixi və əsas elmi istiqamətlərindən söz açıb. Bildirib ki, fəaliyyət göstərdiyi 80 il ərzində institut bir sıra mühüm nailiyyətlər əldə edib, ölkə elminə əhəmiyyətli töhfələr verib.

Alim qeyd edib ki, institut uzun illər ərzində geoloji elmlərin inkişafında, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllində böyük rol oynayıb.

D.Hüseynov Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən “Azərbaycanın palçıq vulkanları Atlası”nın hazırlandığını, qurumun bir neçə aliminin fəxri fərmanlar, eləcə də müxtəlif dövlət mükafatları ilə təltif olunduqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva dünyada elm və texnikanın inkişafı ilə elmi informasiyaya tələbatın daha da artdığını qeyd edərək, bu gün cəmiyyətin elmi mövzuları böyük maraqla izlədiyini bildirib.

Ü.Rzayeva elmin populyarlaşdırılması və təbliğinin yüksək səviyyədə həyata keçirilməsinin önəmliyini vurğulayaraq, bu sahədə mövcud problemlərə toxunub: “Elmin populyarlaşdırılmasında əsas məsələlərdən biri də ixtisaslaşmadır. Təcrübə göstərir ki, ixtisaslaşma və jurnalistika təhsili vəhdət təşkil etdikdə daha yüksək nəticələr əldə olunur”.

Rəis müavini çıxışının sonunda Geologiya və Geofizika İnstitutunun elmi nailiyyətlərinin təbliğində fəal iştirak edən, geologiya elminin müxtəlif istiqamətlərinin populyarlaşdırılması sahəsinə öz töhfələrini verən həmkarlarına fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə institutun Petrologiya şöbəsinin müdiri, akademik Arif İsmayılzadə, Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərli və digərləri çıxış edərək Geologiya və Geofizika İnstitutunun KİV ilə hər zaman sıx əməkdaşlıq etdiyini, qurumun fəaliyyətinin mətbuat orqanlarında geniş şəkildə işıqlandırıldığını qeyd ediblər.

Daha sonra AMEA-nın science.gov.az portalı, “Elm” qəzeti və ElmTv İnternet televiziyası, eləcə də bir sıra İnternet portalları və televiziya kanalları da daxil olmaqla 20 mətbuat orqanının nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.

Sonda çıxış edən mətbuat təmsilçiləri Geologiya və Geofizika İnstitutunun rəhbərliyinə KİV nümayəndələrinə göstərdikləri dəstək və diqqətə görə təşəkkür edib, bu elm ocağı ilə hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here