Sellofan torbalardan imtina ilə bağlı yeni planlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev “Yeni Müsavat”a müsahibəsində son zamanlar aktual olan polietilen torbalar və plastik qablardan tədricən imtina məsələsindən danışıb.

– Mehman bəy, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən polietilen torbaların və plastik qabların ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində hansı işlər həyata keçirilir?

– Konkret olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün tədbirlər planı hazırlandı. Bu plan fevralın 7-də ölkə prezidenti tərəfindən təsdiq edildi. Həmin tədbirlər planına uyğun olaraq bütün maraqlı tərəflərin iştirakı ilə tədbirlər həyata keçirilməkdədir

– Polietilen torbaların məhdudlaşdırılması və alternativlərlə əvəz olunması ətraf mühitə mənfi təsirlərin azaldılmasına yönəlib?

– Bu gün polietilen torbalar və plastik qablar bütün planetin üzləşdiyi ciddi ekoloji problemdir və artıq Azərbaycanda da polietilen torbaların təbiətə və insan sağlamlığına vurduğu zərərlər, törənən fəsadlar barədə kifayət qədər məlumat verilib. Əslində burada məhdudlaşdırma sözünü işlətmək bir o qədər də doğru deyil. Çünki polietilen və plastik məmulatlar son zamanlar iqtisadiyyatın əsas özəyini təşkil edir. Ölkələrin iqtisadiyyatı inkişaf edirsə, polietilen məhsullardan istifadə də günbəgün artır. Azərbaycanda son illərdə plastik qablaşdırma məhsullarının istehsalı 2 dəfə, idxal 5 dəfə artıb. Yəni tədricən məhdudlaşma və tədricən alternativ vasitələrə keçid nəzərdə tutulur.  Amma istehsal varsa, məhsul çoxdursa, onun təbiətdə toplanıb qalmamasına çalışmaq lazımdır. Bu, eyni zamanda əhali artımı və iqtisadiyyatın inkişafı ilə əlaqədar təbii ehtiyatların dayanıqlı idarə olunmasının strateji hədəfi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən bir sıra ölkələr tullantıların azaldılması, yenidən istifadəsi və təkrar emalı kimi təməl prinsipləri (“3R-Reduce, Reuse, Recycle”) əsas tutaraq istehlak tullantılarının səmərəli idarə olunması istiqamətində hədəflər müəyyən ediblər.

– Siz təklif etmisinizmi ki, təkrar emal prosesi gücləndirilsin?

– Bəli, bununla bağlı istehsalçılarla əməkdaşlığı bu gün də davam etdiririk, onların da təklifləri nəzərə alınaraq istiqamətlər müəyyən olunur.

– Təkrar emal varsa, təbiətdən bu məhsullar yığılırsa, nazirlik nə üçün narahatdır?

– Təkrar emal hazırda elə səviyyədədir ki, əmələ gələn tullantının heç 5-10 faizini toplamaq mümkün olmur. 90 faiz təbiətə atılır. Bizdə təkrar emal hələ indi inkişaf etməyə başlayır. Avropa ölkələri isə təkrar emal üzrə konkret hədəflər müəyyən ediblər. Toplama, çeşidləmə və təkrar emal hədəfləri mövcuddur. Yəni orada belə, hələ tam olaraq təkrar emal prosesini yarada bilməyiblər. Hansı ki, onlar illərdir  bu problemlə məşğuldurlar.

– Polietilen məhsullar konkret olaraq Azərbaycanda ətraf mühitə hansı zərərləri verir?

– Bakının kəndlərində, Abşeronda yeri 20 santimetr qazsanız, ya polietilen torba, ya da plastik qab çıxacaq. Bu məhsullar 500 ilə qədər torpaqda qalır və çürümür. Torpağa düşən plastik tullantılar parçalanmır, daim bunun üstünə həmin məhsullardan atılır. Plastik qabların yandırılması da təhlükəlidir. Toplanma, çeşidlənmə yoxdursa, 10-15 il sonra düşəcəyimiz vəziyyəti təsəvvür edirsinizmi? Bu məhsullar heyvanlara, quşlara da zərər verir. Hazırda təbiətdə olan plastik tullantılarla okean səthinin 1/4 hissəsi örtülə bilər. Belə davam edərsə, 2050-ci ilədək okeanlarda plastiklər balıqlardan çox olacaq. Şimal dənizində bütün quşların 94%-nin mədəsində plastik  tullantılara rast gəlinir. Plastik tullantıları quşlar qida hesab edərək qəbul edir. Dəniz quşlarının 40%-i bu səbəbdən  tələf olur. Dənizdə yaşayan 267 müxtəlif növ canlı plastik tullantıların təsirinə məruz qalır.

Hava, su, torpaq çirklənirsə bu, insanın həyatına da bilavasitə mənfi təsir göstərir. Onsuz da bizim torpaqların bir qismində şoranlaşma var. Bir tərəfdən də polietilen məhsullarla çirklənmə geniş problemlərə yol açar.

– Bəs mağazalar alternativ vasitələrə necə keçid etsinlər, təklifiniz nədir? İnsanlar narahatdır ki, marketlərdə polietilen torbalar pullu olacaq. Bu məsələlər necə tənzimlənəcək?

– Bununla bağlı yaxşı təcrübədən istifadə ilə, yerli şəraitə uyğun tədbirlər müəyyən etməklə, alternativ qablaşdırma məhsullarından istifadənin genişləndirilməsi yolu ilə qarşıya qoyulan hədəflərə çatmaq planlaşdırılır, yəni tədricən. Bir çox ölkələrdə polietilen qablaşdırma ilə yanaşı, kağız, parça və çox dəfə istifadə olunan məhsullardan istifadə olunur. Ölkəmizdə də alternativ qablaşdırma istehsalçıları mövcuddur və tələbat olarsa öz istehsal güclərini artıra bilərlər. Sadəcə olaraq, insanlar pulsuz olduğu üçün alternativ torbalara deyil, polietilen torbalara üstünlük verir. Ərzaq məhsulunu polietilen torbada saxlamaq  təhlükəlidir. Ona görə də insanlar bilməlidirlər ki, ətraf mühitlə yanaşı öz sağlamlıqlarına da zərər vururlar. İnsanlar buna hazır olmalıdırlar.

– Sizcə, insanlar hansı müddətə buna hazır olacaqlar? Nəzərə alaq ki, cəmiyyətdə bir çox yeniliklər asanlıqla qəbul edilmir.

– Mən elə düşünmürəm. Bizim cəmiyyətdə elə yeniliklər var ki, heç qonşularımızda onlar mövcud deyil. Biz Bakıda və digər rayonlarda plastik tullantıların yığılması və çeşidlənməsi məqsədilə konteynerlər quraşdırdıq. Gördük ki, vətəndaşlar plastik qabları ancaq həmin konteynerlərə atırlar. Təbliğat, maarifləndirmə düzgün aparılarsa, ictimaiyyət də bu yenilikləri yaxşı qarşılayar.

– Maarifləndirmək üçün insanlara müraciətiniz varsa, buyurun.

– Polietilen torbaların pulsuz təklif olunması istehlakçılar üçün faydalı hesab olunmur. Market sahibləri bu məhsulları pulla alır və onun vergisini də ödəyir. Düşünürsüz ki, sahibkar bu qədər pul xərclədiyi məhsulu istehlakçıya pulsuz verir? Sadəcə olaraq, bu məhsulların dəyəri ümumi xərclər kimi hesablanır. Əvvəlcə ondan başlamaq lazımdır ki, təklif olunan məhsulların çeşidi bol olsun ki, insanların da seçim imkanı olsun. Bəlkə kağız, parça və digər vasitələrdən istifadə edən istehlakçılar daha çox olacaq, yavaş-yavaş azalma gedəcək. İnsanlar çox dəfə istifadə üçün nəzərdə tutulmuş polietilen torbalara da üstünlük verə bilərlər. Hazırda polietilen məhsullardan istifadənin tam məhdudlaşdırılması ilə bağlı təkliflər müzakirə mövzusu deyil, söhbət tədricən keçiddən gedir. 

– Təklif edirsinizmi ki, müəssisələr təkrar emal üçün yığılan məhsullara müəyyən qədər məvacib versinlər? Məsələn, uşaq düşünsün ki, polietilen torbanı yerə atınca, təkrar emala verib, pul qazansın. Stimullaşdırıcı tədbirlər nəzərdə tutulubmu?

– Bu sahədə fəaliyyət özəl sektor tərəfindən tənzimlənir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here