RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.09.05 10:42

“Silahlı dəstə” ittihamının sirri çözüldü: yeni qalmaqal gəlir

45

AXCP sədrinin bəyanatı ilə Clive Dunnın paylaşımları təsadüfdən uzlaşmayıb

Həmişə belə olur: günlərin birində müxalif düşərgədən kimsə səhər oyanır, yuxuda görübmüş kimi, gündəmə aidiyyəti olmayan bir mövzudan danışır, bir-iki nəfər özü düşüncəli şəxs ona yan tutur və məsələ “unudulub gedir”. Bir müddət sonra isə Avropada kiminsə “qəflətən yadına düşür ki”, bəs Azərbaycanda filan vaxt filan məsələ “baş verib”, münasibət bildirmək lazımdır. Beləcə, şübhə etdiyimiz, ciddiyə almadığımız bir “olay” dönüb-fırlanır, beynəlxalq təşkilatların gündəminə daşınır, Azərbaycan əleyhinə bəyanata, hesabata çevrilir və pasportlaşır. İndi həmin günlərdən və anlardan birini yaşayırıq.

AXCP sədri Əli Kərimli iddia edir ki, “Hökumətin əlisilahlı yandaşı, Fuad Muradov” adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib. O və “Radikal düşərgə” təmsilçilərindən ibarət yandaşları Fuad Muradov adlı şəxsin kimliyinin araşdırılmasında maraqlı deyillər. Belə bir araşdırma edənləri və ya araşdırma təklifi irəli sürənləri də öz trolları vasitəsilə yanar oda salırlar, haqqında hədyanlar yazır, “hökumətin müxalifət üzərinə hücumuna haqq qazandırmaqda” qınayırlar. Qarşı tərəf də abırına qısılıb kənara çəkilir. “Radikallara” da bu lazımdır. Bu yolla mövzunu dəyişirlər. Fuad Muradov personası “yaddan çıxır”. Gün keçəcək, ay dolanacaq, baxacaqsan ki, hansısa “nüfuzlu beynəlxalq təşkilat” həmin “fakta” istinad edib Azərbaycan hakimiyyətini “qanunsuz silahlı dəstələr yaratmaqda, müxalifət təmsilçilərinə qarşı basqınlar qurmaqda” ittiham edəcək.

Simptomları görünür artıq. Əgər sosial şəbəkələrdəki “müzakirələrə” diqqət etsəniz, görəcəksiniz ki, Əli Kərimlinin tərəfdarları Fuad Muradov adlı şəxsin “tapılıb cəzalandırılmasını” tələb etmirlər, ondan nə üçün belə bir açıqlama yazmasına görə hesab sormurlar, ümumiyyətlə, onun hər hansı bir açıqlama verib mövqeyini izah etməsinə maraq göstərmirlər. Bütün müzakirələrdə hədəf Fuad Muradovun hansısa yolla “hakimiyyətə bağlanılmasıdır”, silahlı fotonun hakimiyətə qarşı “silahlı dəstə qururlar” ittihamına çevirməsidir.

Bilirlər ki, yalandır, bu versiyalar qondarmadır. Əksinə, xalqın mövcud iqtidarı dəstəkləməsinin, AXC-Musavat hakimiyyətindən üz döndərməsinin əsas səbəblərindən biri də məhz 1992-1993-cü illərdə mövcud olan özbaşınalığa son qoymasıdır, qanunsuz silahlı dəstələri zərərsizləşdirməsidir, mübahisələrin hüquqdankənar formalarla həll edilməsini aradan qaldırmasıdır, kriminogen duruma nəzarət edə bilən güclü hüquq-mühafizə sistemi qurmasıdır. “Fədailər qrup”ları yaratmaq, indi bu ittihamı mövcud hakimiyyətə qarşı irəli sürənlərin özlərinin dünyagörüşünün məhsuludur. Həmin dünyagörüşdən hələ də kənara çıxa bilmirlər.

Digər tərəfdən, aşkara çıxdı ki, Fuad Muradov AXC-Müsavat iqtidarı dövründə silahlı dəstələrdən birinin rəhbəri olmuş Alik Muradovun oğudur. O, psixoloji dünyagörüşü baxımdan AXC-yə, bugünkü AXCP sədrinə daha yaxındır. Deməli, Əli Kərimlinin Muradovu “öz düşərgəsindən çıxarıb” mövcud hakimiyyətə yaxın bir çevrədə yerləşdirməyə cəhd göstərməsində konkret qəsdi var. Nədir bu qəsdin məğzi?

Bəli, yanılmamışıq. Bu açıqlama təsadüfdən gündəmə çıxmayıb, unudulası da deyil. Həmişəki kimi qərəzli, uydurma, amma geniş miqyaslı bir qarayaxma kampaniyasının başlanacağının simptomlarıdır.

AXCP sədrinin “Fuad Muradovun silahlı dəstəsi” açıqlaması ilə sinxron baş verən hərəkətlər ortaya çıxıb.

Böyük Britaniya vətəndaşı, aktiv sosial şəbəkə istifadəçisi olan Clive Dunn adlı şəxs Azərbaycanın əleyhinə məqalə paylaşıb. Şərq-müsəlman dünyası əleyhinə paylaşımları ilə tanınan və paylaşımlarının 95 faizi siyasi mövzularda olan Clive Dunnın indi də Bolqar jurnalist Dilyana Qaytancıyevanın müəllifi olduğu “Terrorçular üçün silah daşıyan 350 diplomatik uçuş” başlıqlı məqaləni yenidən yayımlayıb. Məqalədə iddia olunur ki, “3 il boyunca Azərbaycandan Silk Way vasitəsilə münaqişə zonalarındakı terrorçulara silah daşınıb”. Müəllif iddia edir ki, Bolqarıstan və Azərbaycan XİN arasındakı sənədləri ona anonymous Bulgaria adlı Tvitter hesabı göndərib. O, “yüzlərlə ton silah daşıyan təyyarələrin” aeroportlarda orta yerlərdə, sərnişin təyyarələrinin arasında dayandığı üçün” təhlükənin miqyasının daha da artdığını qeyd edib. Əlavə edir ki, “İri dövlətlər buna göz yumublar”. Sənədlərdə bu silahlarla bağlı razılaşmaların olduğu da qeyd edilir.

Maraqlıdır ki, Bolqar jurnalist tərəfindən xeyli əvvəl yazılan, amma təkzib olunan məqalə, bu günlərdə Tvitterdə Clive Dunn tərəfindən yenidən paylaşılıb və bu paylaşımdan sonra Azərbaycan barədə qondarma ittihamlar yenidən gündəmə gəlib. Ən maraqlısı isə budur ki, Clive Dunnın paylaşması ilə AXCP sədrinin “Fuad Muradovun silahlı dəstəsi” açıqlaması eyni tarixə təsadüf edir: hər ikisi 1 gün fərqlə gündəmə gəlib, eyni tezislər üzərində qurulub. Hər iki paylaşmanın motivi budur ki, Azərbaycan qanunsuz silah dövriyyəsində, qanunsuz silahlı dəstələr qurulmasında iştirak edir. Təsadüfidirmi? Təbii ki, xeyir. Uzun illərin təcrübəsi deməyə əsas verir ki, artıq anti-Azərbaycan mərkəzlər tərəfindən yeni kampaniya hazırlanır. Bu dəfə ölkəmiz silah qaçaqmaqçılığı, terrorçu qruplarla əlaqədə, qanunsuz silahlı dəstələr qurmaq məsələsində ittiham oluna bilər. Allah etsin ki, ehtimalımız boşa çıxısın. Amma sipmtomlar eynidir.

Təqdiredici haldır ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin köməkçisi Əli Həsənov bu ittihamlara zamanında, operativ şəkildə cavab verdi. Əli Həsənov açıqlamasında deyir: “…Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub… Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq-mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var”.

Prezident köməkçisinin açıqlaması genişdir, çoxlu tezislər var. Onları AXCP sədri ilə yanaşı, “xaricdə oturub quyruq bulayanlara” da aid etmək olar.

Müşfiq Ələsgərli

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı