Silikon Vadisinin nümayəndəsi İnformasiya Texnologiyaları İnstitutunda məruzə ilə çıxış edib

Silikon Vadisinin nümayəndəsi İnformasiya Texnologiyaları İnstitutunda məruzə ilə çıxış edib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. Tədbirdə Silikon Vadisində (ABŞ, Kaliforniya) həyata keçirilən Minilliyin Layihəsinin nümayəndəsi və “Santa Clara Valley Chapter of ASM International Society” qurumunun sədri Brok Hinzman, Silikon Vadisinin Futuristik reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makginis, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova və Cəmiyyətin sədr müavini Eldar Müseyibzadə, həmçinin institutun alim və mütəxəssisləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov gündəlikdə duran məsələlər haqqında məlumat verib. Bildirib ki, tədbirin məqsədi Silikon Vadisində informasiya texnologiyalarının yeni tətbiqlərinə investisiyaların qoyulması, o cümlədən dronlar, peyklər və böyük verilənlərdən istifadəyə dair geniş fikir mübadiləsi aparmaqdır.

Sonra R.Hüseynova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrindən söz açıb, bu qurumun Futuroloqlar Cəmiyyətinə hər zaman elmi dəstək göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, belə bir cəmiyyəti yaratmaqda əsas məqsəd Azərbaycanda gələcək elmi istiqamətləri və müasir meylləri müəyyən etmək, dünyada bu sahədə gedən proseslərə qoşulmaqdır. “Futuroloqlar Cəmiyyəti Minilliyin Layihəsinin Azərbaycan Bölməsidir”, – deyə bildirən məruzəçi layihənin 62 ölkədə nümayəndəliyinin olduğunu qeyd edib.

“Kənd təsərrüfatında informasiya texnologiyalarının tətbiqi” mövzusunda məruzəsini təqdim edən B.Hinzman Silikon Vadisində süni intellekt, robotlar, Əşyaların İnterneti və s. sahələrdə həyata keçirilən layihələr haqqında məlumat verib.

Məruzəçi gələcəyə dair bir sıra proqnozlardan söz açaraq bildirib ki, 2050-ci ilə qədər ABŞ əhalisinin 70 faizi böyük şəhərlərdə yaşayacaq, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin orta yaş həddi artacaq. Onun sözlərinə görə, gələcəkdə əhalinin sürətlə artdığı ölkələrdə iqlim dəyişikliyi məhsul yığımının azalmasına səbəb olacaq. Əsas məqsəd dünyada müasir texnologiyalardan effektiv istifadə edərək kənd təsərrüfatına sərmayə yatırmaq, qida israfını azaltmaq və məhsul yığımını çoxaltmaqdır. O, həmçinin kənd təsərrüfatında biotexnologiyaların tətbiqi və “ağıllı” toxumlardan istifadə ilə bağlı bir sıra proqnozlar səsləndirib.

Sonda çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarda müzakirə olunan məsələlərin ölkəmiz üçün olduqca aktual olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Futuroloqlar Cəmiyyətinin sədri R.Hüseynovaya tədbirin təşkil olunmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirən alim bu qurumun fəaliyyət göstərdiyi 10 il ərzində ölkədə elmi futuroloji baxışların formalaşmasında böyük rol oynadığını bildirib.

R.Əliquliyev ölkədə Futurologiya Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayaraq AMEA rəhbərliyinin bu sahəyə xüsusi diqqət göstərdiyini və hər zaman elmi dəstək verməyə hazır olduğunu qeyd edib.

Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, Brok Hinzman çoxsaylı sualları cavablandırıb.