SOCAR “Şahdəniz” yatağının işlənməsinin 3-cü mərhələsini nəzərdən keçirir

SOCAR “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin üçüncü mərhələsini nəzərdən keçirir.

Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov XI Avropa Qaz Konfransında (European Gas Conference 2018) deyib.

O bildirib ki, 2025-ci ilədək “Şahdəniz-3” üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir. “Mərhələ 3” çərçivəsində ilkin olaraq ildə təxminən 5 milyard kubmetr qaz hasil edilməsi gözlənilir.

Qeyd edək ki, 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü (HPBS) haqqında saziş imzalanıb. 1999-cu ilin iyununda isə ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu vaxtadək “Şahdəniz” qaz-kondensat yatağından 88,5 milyard kubmetr təbii qaz hasil olunub.

“Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here