Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək

Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən elmi şuranın iclasında bu elmi müəssisənin direktoru, akademik Yaqub Mahmudov tarixçi alimlərə Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamından irəli gələn vəzifələr barədə ətraflı məlumat verib.

Tarix İnstitutundan bildiriblər ki, Y.Mahmudov sənədin Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacağını vurğulayıb. O deyib: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək”.

İclasda AXC-nin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin – namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Diqqətə çatdırılıb ki, AXC-nin tarixi ilə bağlı Türkiyə, Ukrayna və Polşadakı sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

Y.Mahmudov bildirib ki, 2018-ci ildə rəhbərlik etdiyi elmi müəssisə tərəfindən AXC-nin 100 illik yubileyi ilə bağlı “Elmi əsərlər”inin xüsusi buraxılışı çap olunacaq. “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladan akademik məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib: “Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir”.

İclasda, həmçinin internet resurslarında, o cümlədən Vikipediyada Azərbaycan tarixi, tarixi şəxsiyyətləri barədə məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.

AZƏRTAC