ELM VƏ TƏHSİL

“SPE International”-ın prezidenti BANM-də olub

279

Bakı Ali Neft Məktəbində “SPE International”-ın (Neft Mühəndisləri Cəmiyyəti) prezidenti Neytan Miihanın tələbələrlə görüşü keçirilmişdir. Görüşdə BANM-in rektoru Elmar Qasımov, professor müəllim heyəti və tələbələr iştirak etmişlər.

Tədbirdə çıxış edən E.Qasımov qonağa BANM-in yaranma tarixi, məqsədləri, fəaliyyət istiqamətləri, transmilli şirkətlərlə qurulan əməkdaşlıq və yeni istifadəyə veriləcək kampus haqqında ətraflı məlumat vermişdir. Tədrislə yanaşı tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan bəhs edən rektor BANM-in tələbələrinin SPE-dəki fəaliyyətindən söz açmış və Ali Məktəbin 47 nəfər tələbələsinin 4-6 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək Neft Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfransının işində yaxından iştirak edəcəyini bildirmişdir. Gələcəkdə SPE-nin zəngin kitabxana resurslarının Ali Məktəbin tələbələrin istifadəsinə veriləcəyini qeyd edən E.Qasımov gənc mühəndis tələbələrin belə peşəkar mütəxəssislərlə görüşlərinin təşkil edilməsini onların gələcək karyerası üçün faydalı təcrübə olduğunu vurğulamışdır.

Öz növbəsində “SPE International”-ın prezidenti Neytan Miihan çıxış edərək BANM-də olmasından və Azərbaycanın intellektual gəncliyi ilə görüşməkdən məmnunluq hissi keçirdiyini bildirmişdir. O, SPE-nin müasir biliklərin cəmiyyətdə yayılmasında rolu, onun fəaliyyətinin əsas istiqamətləri, sənaye müəssisələri, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaratdığı imkanlar və neft-qaz sənayesində həyata keçirilən innovasiyalar haqqında tələbələrə ətraflı məlumat vermişdir. Həmçinin, Neytan Miihan hazırda Baker Hughes şirkətində Baş icra məsləhətçisi vəzifəsində çalışdığını tələbələrin diqqətinə çatdırmış və neft yataqlarının işlənməsi, ehtiyatların qiymətləndirilməsi, quyuların üfüqi analizi sahələrində 37 ildən artıq beynəlxalq təcrübəsindən bəhs etmiş, tələbələrlə öz həyat təcrübəsi ilə bölüşmüş, onları maraqlandıran sualları cavablandırmışdır.

Sonda Ali Məktəbin rektoru Elmar Qasımov “SPE International”-ın prezidenti Neytan Miihanı BANM-in “Fəxri qonaq” diplomu ilə təltif etmişdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı