Şura Katibliyinin 2016-cı ildəki fəaliyyəti müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında fikirlərini bildirib. A. Quliyev Şuranın fəaliyyəti dövründə ilk dəfə olaraq 2016-cı ildə 3 qrant müsabiqəsinin həyata keçirildiyini və 493 QHT layihəsinin maliyyələşdirildiyini qeyd edib. Şura sədri ötən il elektron, daxili nəzarət və qiymətləndirmə xidmətlərinin təkmilləşdirilməsi ilə də bağlı bir sıra mühüm addımlar atıldığını bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Katibliyin 2016-cı ildəki fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib.
Şura Katibliyinin ötən il də məhsuldar fəaliyyət göstərdiyini qeyd edən Fərasət Qurbanov qurumun elektron resurslarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Şuranın csssn.gov.az, qhtxeber.az və e-qht.az saytları yenidən qurulub. Bu resurslar eyni zamanda elektron xidmət portalına inteqrasiya olunub. Layihələrin qəbulu prosesində QHT-lərdən daxil olan məlumatlar hər bir təşkilatın fərdi elektron kabinetində toplanır. Şura 4 sahə üzrə (müsabiqə üzrə layihələrin qəbulu; təsviri və maliyyə hesabatlarının qəbulu; dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması; Apellyasiya Komissiyasına müraciət) elektron xidmət göstərir.
İcraçı direktor Şuranın çap və elektron media orqanları – qhtxeber.az saytı və “Vətəndaş cəmiyyəti” jurnalının QHT-lərə informasiya dəstəyini 2016-cı ildə də davam etdirdiyini deyib.

Müşavirədə Şuranın baş mühasibi Emin Məmmədovun, daxili nəzarət və qiymətləndirmə xidmətinin əlaqələndiricisi Nədimə Rəhimlinin, beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Mustafa Qurbanlının, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbudun və layihələrin icrasına nəzarət və proqram bölmələrinin rəhbəri Xanım Cəbrayılovanın məruzələri dinlənilib.

İclasda həmçinin QHT-lərin layihələrinin icra və monitorinq vəziyyəti, elektron xidmət səviyyəsinin artırılması yolları və digər vacib məsələlər geniş müzakirə olunub. Müşavirədə qərara alınıb ki, Şuranın 27 yanvarda keçiriləcək illik hesabat toplantısında qurumun 2016-cı ildəki fəaliyyəti haqqında ictimaiyyət geniş şəkildə məlumatlandırılsın.

Şura sədri Azay Quliyev Şuranın struktur bölmələrinin işinin intensivliyinin və səmərəliliyinin artırılması istiqamətində konkret tapşırıqlar verib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here