Şura Azərbaycan dilinin inkişafı təşəbbüslərinə dəstək verəcək

“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək” layihəsinin icrasına başlayıb.

İB-dən verilən məlumata görə, layihənin məqsədi Kütləvi İnformasiya Vasitələrində ədəbi dilin qaydalarının qorunmasına çalışmaq, mətbuatda dilimizin düzgün ifadə edilməsinə səy göstərməklə jurnalistləri birbaşa, oxucuları isə dolayısı yolla bu istiqamətdə maarifləndirməkdir.

Layihə Kütləvi İnformasiya Vasitələrində dövlət dilinin yad təsirlərdən qorunması, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə aparıcıların, jurnalistlərin dil hazırlıqlarının yüksəldilməsindən bəhs edir.

Layihə TV – radio, elektron və yazılı media nümayəndələrini əhatə edəcək. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik.

Layihə çərçivəsində çap olunacaq buklet vasitəsilə KİV əməkdaşlarını ədəbi dilin qorunması ilə bağlı Qaydalar, dövlət sənədləri və Nazirlər Kabinetinin qərarları ilə tanış ediləcək.

Təşkil olunacaq təlimlərdə ədəbi dilinin qorunması istiqamətində qəzet, jurnal və informasiya agentliklərində çalışan müxbir heyətin peşəkarlıq səviyyəsi artırılacaq.
Alınma sözlərdən daha çox istifadə edən KİV-lərlə maarifləndirmə söhbətləri aparılacaq, qüsurları barədə həm sözügedən KİV-lərə, həm də ictimaiyyətə məlumat veriləcək.

Küçə və meydanlarda, ticarət və iaşə obyektləri monitorinq olunacaq. Nəticələr barədə hər ay həm donora, həm də media vasitəsi ilə ictimaiyyətə məlumat veriləcək.
KİV-lərdə maarifləndirici məqalələr çap olunacaq, keçirilən tədbirlər, aparılan monitorinqin nəticələri elan olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here