Şuranın dəstəyilə “Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular” monoqrafiyası nəşr olunub

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi son illərdə qeydiyyatda olduğu Ağsu rayonunun mədəni müxtəliflik baxımından zəngin kənd və obalarını araşdırır, layihələr həyata keçirir.
2018-ci ildə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsunun tarixən yerləşdiyi Xançoban düzündə məskunlaşan iri əski tərəkəmə obalarının – axtaçılar, padarlar, qaraqoyunlular və kəngərlilərin folkloru, etnoqrafiyası, adət-ənənələri, məişətinin öyrənilməsi, mədəni müxtəlifliyin örnəklərinin təbliği məqsədilə layihə həyata keçirib.
“Ağsuda tərəkəmə ənənələrinin araşdırılması, kitabın nəşri və seminarların keçirilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilib.
Layihənin əsas məqsədi MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ağsuda Tərəkəmə folkloru və ənənələri istiqamətində gördüyü işlərin davamlılığını təmin etmək və arealını genişləndirmək, Gəgəli, Padar, Qaraqoyunlu və Pirhəsənli kəndlərinin sakinləri ilə işləyərək folklor və etnoqrafik məlumatları toplamaq, etnoqrafik sorğular keçirmək, qədim tariximizin və tərəkəmə ənənələrinin təbliği məqsədi ilə nəşrlər, filmlər və seminarlar təşkil etmək, “Xançoban folklor ansamblı”nı qurmaq, onun fəaliyyətini ssenariləşdirmək, adı çəkilən kəndlərdə ansamblın folklor oyun, tamaşa və konsertlərini keçirmək olmuşdur.
Aparılan tədqiqatın nəticəsi Fariz Xəlillinin “Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular” monoqrafiyasında toplanılıb. “Elm və Təhsil” nəşriyyatında nəşr olunan kitab yaxın günlərdə tədqiqatın aparıldığı kəndlərdə təqdim ediləcək. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova, rəyçi tarix üzrə elmlər doktoru Qafar Cəbiyevdir. Kitab “Türküstandan Azərbaycana Ağsu”, “Şirvan xanlığı mahalları”, “Axtaçılar”, “Padarlar”, “Kəngərlilər”, “Qaraqoyunlular”, “Tərəkəmə folkloru” bölmələrindən ibarətdir.
Müəllif yazır ki, müasir dövrdə tərəkəməlik həyat tərzidir. Yarımköçəri, “seminomadic” həyat tərzi keçirən, yaylaq-qışlaq maldarlığı ilə məşğul olan azərbaycanlılar hansı topluma və etnosa aid olmasına baxmayaraq tərəkəmə adlandırılır. Bu mənada dağlıq bölgələrdə yaşayan qafqazdilli və irandilli azsaylı xalqlar da, düzən bölgələrdə yaşayan türkdilli əhali də yaylaq-qışlaq maldarlığı ilə məşğul olduğu üçün özlərinə tərəkəmə deyirdilər, indi də deyirlər. Virtual məkanda özünə tərəkəmə deyən çox sayda belə nümunələrlə rastlaşmaq mümkündür. Əslində isə, “tərəkəmə” ərəb dilində “tərakimə” yəni “türkmənlər” sözünün türk dilində səslənməsidir. Belə ki, “türkmən” sözünün cəmi “tərəkəmə”dir, tərəkəmə “türkmənlər” deməkdir.
Müəllif əvvəllər tərəkəmə həyat tərzi ilə əlaqədar ortaya atdığı tezisləri daha da inkişaf etdirərək dərinləşdirmişdir. Tərəkəmə obaları haqqında yazılan kitabın bu sahədəki tədqiqatlara kömək olacağı və istiqamət verəcəyi qeyd olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here