Təhsil İnstitutundan doktorantura və dissertantura iddiaçıları üçün xaricdə təhsil almaq imkanı

Təhsil İnstitutu cari ildə doktorantura və dissertantura pilləsi üzrə təhsil almaq istəyənlər üçün yeni imkanlar təklif edib. Belə ki, 2017-2018-ci tədris ilində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə institutda təhsil alanlar arasında fərqlənənlər üçün xaricdə tədqiqat aparmaq və təcrübə keçmək, yerli layihələrə cəlb olunmaq və təqaüd almaq imkanı yaradılıb.

İnstitutdan bildirilib ki, mübadilə proqramları vasitəsilə həyata keçiriləcək bu təşəbbüsün məqsədi yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini nəzərə almaqla elmi-tədqiqat işlərinin aparılması istiqamətində doktorant və dissertantların peşəkar inkişafına dəstək olmaq, gəncləri elmi fəaliyyətə daha geniş miqyasda cəlb etməkdir.

Qeyd edək ki, ötəni ilin dekabrında Təhsil İnstitutu 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi bölmələrinə və dissertantura pilləsi üzrə qəbul elan edib. Hazırda institutun birinci korpusundakı (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) aparılan sənəd qəbulu yanvarın 29-dək davam edəcək. Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatına əsasən institutda təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, təhsilin təşkili və planlaşdırılması, ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, korreksion pedaqogika və pedaqoji psixologiya üzrə elm sahələri, ixtisaslar var.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here