Təhsil müəssisələrində Beynəlxalq Əlillər Günü

Paytaxt məktəblərində Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans, “Dəyirmi masa”, görüş, şagirdlərin əl işlərindən ibarət sərgi və müsabiqələr təşkil edilib.

Eyni zamanda ASAN Xidmət, ASAN Radio, Avropa İttifaqı, YUNİSEF və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Beynəlxalq Əlillər Günü münasibəti ilə inklüziv siniflərdə çəkilişlər aparılıb, videoçarx hazırlanıb.

Tədbirlərin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan insanlara dəstək göstərmək, bu kateqoriyadan olanların hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.

Tədbirlərdə hər il Beynəlxalq Əlillər Gününün qeyd edildiyi, dünyada milyonlarla sağlamlıq imkanı məhdud olan insanın yaşadığı və onlara xüsusi qayğı göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.

Fiziki məhdudiyyətli vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, onların tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiyası üçün tədbirlərin həyata keçirildiyi önə çəkilib. Sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müvafiq qanunvericilik aktları ilə qorunduğu bildirilib. Həmçinin qeyd olunub ki, belə insanların arasında çox saylı uşaqlar da var. Onların hər birinə qayğı ilə yanaşılır, təhsilə cəlb olunmaları üçün mühüm işlər görülür.

Eyni zamanda inklüziv təhsilin inkişafı ilə bağlı Azərbaycanda görülən işlərdən bəhs olunub. Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagirdin inklüziv təhsil aldığı nəzərə çatdırılıb. Bildirilib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”ı sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət edir.

Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeir söyləyib, mahnı oxuyublar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here