Təhsil Problemləri İnstitutunda ilin ilk seminarı keçirildi

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Təhsildə innovativ fəaliyyətin təkmilləşdirilməsi problemləri” mövzusunda 2015-ci ilin ilk seminarı keçirilmişdir. Dialoq.info-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan TPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov institutun illik fəaliyyət planında nəzərdə tutulmuş seminarlar və ilin sonuna qədər aparılacaq müzakirələrin mövzularının siyahısı ilə iştirakçıları məlumatlandırdı. Direktor çıxışında bildirdi ki, müasir dövrdə ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində köklü dəyişikliklər aparılır, struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılır. Bu məsələlərin başlıca tələblər kimi “Azərbaycan Republikasında təhsil sahəsində İslahat Proqramı”nda, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  öz əksini tapdığını vurğuladı. Qulu Növruzov qeyd etdi ki, bu gün ölkəmizdə təhsilin normativ-hüquqi bazası xeyli təkmilləşdirilmiş, maddi-texniki təminat, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı mühüm əhəmiyyət kəsb edən geniş tədbirlər həyata keçirilmişdir. Müasir dövrdə Azərbaycan təhsilinin modernləşdirilməsinə xidmət edən bir çox problemlərə xüsusi diqqət yetirilməsinin vacib olduğunu bildirdi. Bu problemlərin ən önəmlisi olan-təhsildə innovativ fəaliyyətin təkmilləşdirilməsi problemlərinin öyrənilib araşdırılmasıdır.  Bu barədə geniş məlumatı iştirakçılara çatdırmaq üçün çıxış üçün sözü ARTPİ-nin təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılova verdi.

Professor İntiqam Cəbrayılov “Təhsildə innovativ fəaliyyətin təkmilləşdirilməsi problemləri” mövzusunda geniş təqdimatla çıxış etdi. Məruzəçi hazırkı dövrdə təhsil müəssisələrinin fəaliyyət mexanizminin yeni tələblər əsasında qurulması üçün ilk növbədə cəmiyyətin artan tələbatının nəzərə alınması, təhsildə innovasiyaların davamlı olaraq tətbiqi, şəxsiyyətyönümlülüyə xüsusi əhəmiyyət verilməsi, təhsilalanlarda və təhsilverənlərdə təfəkkür mədəniyyətinin formalaşdırılmasının vacibliyindən söz açdı. Şöbədə apardıqları təcrübə və elmi araşdırmalara görə təhsilin keyfiyyətinin artırılmasının bir sıra amillərlə bağlılığını,  əsasən təhsili idarəetmə sisteminin yenidən qurulması; idarəetmə ilə bağlı insan resurslarının inkişaf etdirilməsi; müəllim peşəsinin nüfuzunun yüksəldilməsi və s. bu kimi amillərin innovativ fəaliyyət baxımından mühüm əhəmiyyət kəsb etdiyindən danışdı. Bir daha araşdırmalar zamanı nəticələrə görə  gəldikləri qənaət bu oldu ki, təhsilin inişafına xidmət edən innovativ fəaliyyətin daim təkmilləşdirilməsi, dövrün tələbləri, elmi-pedaqoji baxımdan ardıcıl və sistemli olaraq yeniləşdirilməsi zəruridir. Bu işdə  ARTPİ-də təhsildə innovativ fəaliyyətin təkmilləşdirilməsinə dair təqdiqat işlərini davamlı olaraq apardıqlarını xüsusi olaraq vurğuladı.

Sonda mövzu ətrafında seminarda iştirak edən: alim, müəllimlər və institut əməkdaşları tərəfindən geniş müzakirə aparıldı. Seminar iştirakçıları tərəfindən səsləndirilən suallar mühazirəçi professor İntiqam  Cəbrayılov tərəfindən cavablandırıldı.

Seminarda ARTPİ-nin direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri, institut əməkdaşları, şəhər və rayondan gələn fənn müəllimləri iştirak edirdilər.

unnamed (1) unnamed (2) unnamed

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here