Tələbələr reproduktiv sağlamlığın qorunması mövzusunda maarifləndiriliblər

Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində tələbə qızlar üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə təşkil olunub.
İncəsənət Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Həşim Paşayev tədbiri giriş sözü ilə açıb, tibbi maarifləndirmə işinin aparılmasının əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynadığını bildirib. İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusu ilə bağlı geniş məlumat verib. Mühazirədə reproduktiv qabiliyyətə mənfi təsir göstərən amillərdən, o cümlədən abortların qadın sağlamlığına mənfi təsirindən bəhs olunub, cinsi yolla yoluxan infeksiyalarla mübarizə metodları və gigiyena qaydalarına riayət edilməsinin vacibliyindən söhbət açılıb.
Sonra “Olum və ya ölüm” qısametrajlı filmi izlənilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan film ailə planlaşdırılmasının düzgün qurulmaması nəticəsində məcburi aborta müraciət edən qadınları və sonradan hər iki valideynin peşmançılığını əks etdirirdi.
Tədbirdə iştirakçılara reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here