RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.09

“Tələbələrimiz buna görə ya təhsilini yarımçıq qoyur, ya da işlədikəri üçün təhsil ala bilmirlər” – Sosioloq…

52

“İstedadlı gəncin təhsil alması, yüksək səviyyəli, vətənpərvər bir mütəxəssis kimi yetişməsi onun özündən çox ölkəyə lazımdır”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, sosioloq Əhməd Qəşəmoğlu universitetlərdə təhsil haqlarının yüksək olmasıyla bağlı danışarkən deyib. Sosioloq bildirib ki, nəzərə almaq lazımdır ki, tələbələr təhsil haqqıyla yanaşı, kirayə pulu da verirlər:

“Çox yaxşı haldır ki, bu məsələ yenidən diqqət mərkəzinə gəldi. Yadınızdadırsa, mən ötən il də istedadlı gənclərimizin təhsil haqlarını ödəyə bilmədikləri üçün təhsillərini davam etdirə bilməmələrinin yolverilməz olduğu barədə bir neçə mətbuat orqanında çıxış etmişdim. Onlar təkcə təhsil haqqı vermir, həm də aylıq ev kirayəsi verir, həm qidalanır, özlərinə geyim alırlar. Halbuki 30 il öncə bütün təhsil müəssisələrinin hamısının yataqxanası vardı. Ölkənin ən qiymətli sərvəti onun istedadlı insanlarıdır. İstedadlı gəncin təhsil alması, yüksək səviyyəli, vətənpərvər bir mütəxəssis kimi yetişməsi onun özündən çox ölkəyə lazımdır. İndi artıq ölkələrin gücü onun intellektual gücü ilə ölçülür. Estoniya kimi əhalisi 1,3 milyon olan bir ölkə əhalisi 100, 150 dəfə çox olan bir ölkədən ona görə güclü sayılır ki, onun intellektual gücü, ikincilərdən üstündür. Yaxud, yaponları, yəhudiləri götürək və s”.

Sosioloq maddi vəziyyəti aşağı olan və 550-dən yuxarı bal toplayan tələblərin təhsil haqqından azad edilməsini təklif edib. Bununla yanaşı, xeyriyyə fondlarının yaradılmasının da vacibliyini vurğulayıb:

“Fikrimcə topladığı ballar 550-dən yuxarı olan, maddi vəziyyəti ortadan aşağı olan bütün gənclər dövlət universitetlərində təhsil haqqından azad edilməlidir. Bu həm də orta məktəbdə şagirdlərin daha yaxşı oxumalarına bir stimul olar. Eyni zamanda yoxsul, sosial yardıma ehtiyacı olan ailələrin uşaqlarına Sosial Müdafiə Fondundan kömək edilə bilər. Faizsiz, asan sənədləşdirilə bilən təhsil kreditlərinə də, fəaliyyəti şəffaf ola biləcək bir xeyriyyə Təhsil Fonduna da ehtiyac var. Milyarderlərimiz, imkanlı şəxslərimiz kömək etsə, dini idarələr də təbliğ etsə ki, belə bir fonda pul keçirmək Allah qarşısında savab işlərdən biridir, o zaman həmin fonda xeyli pul yığılar. Amma gərək həmin fondun fəaliyyətinə ictimai nəzarət olsun.

Mən millət vəkili Asim Mollayevin bu fikri ilə tamamilə razıyam ki, bir yoxlamaq lazımdır ki, bu təhsil müəssisələri təhsil haqqını nədən bu qədər yüksək səviyyədə müəyyənləşdirib. Məsələn, niyə universitetlər qiyabi fakültədə oxuyan hər bir tələbədən bir ildə 3000-4000 min manat pul alır? Onun az bir hissəsi müəllimlərə əmək haqqı kimi ödənir. Qalan pul niyə toplanır? Həm də istərdim ki, bu güzəştlər, təhsil haqqının azalması təkcə 1-ci kurslara şamil edilməsin. Həm də yuxarı kurslara da şamil edilsin. Yuxarı kurslarda oxuyan xeyli istedadlı tələbələrimiz var ki, təhsil haqqı ucbatından ya təhsili yarımçıq qoyur, ya da işlədikəri üçün normal təhsil ala bilmirlər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı