Təhsil: mövcud durum və gələcək perspektivlər

Ölkəmizdə təhsil sahəsində mövcud olan problemlər, xüsusilə, dərsliklərin səviyyəsi cəmiyyətdə narahatlıq doğuran və mütəmadi olaraq müzakirə mövzusuna çevrilən aktual məsələlərdəndir. Bunları nəzərə alaraq, “Müasir İnkişaf” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Milli Kimlik” Araşdırma Mərkəzi tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticələrini diqqətinizə təqdim edirik.

  1. Məktəb nədir və o, hansı əsas vəzifəni yerinə yetirir?

Cəmiyyət  daim dəyişən və inkişaf edən mürəkkəb bir orqanizmdir. Məktəb isə onun sifariş etdiyi insanı yetişdirən bir təşkilatdır. Orta əsrlərdə “beytül-təlim”-yəni “təlim evi” adlandırılan məktəb ən qədim zamanlardan bu günədək yetişməkdə olan gənc nəslə təcrübə və yenilikləri öyrətməklə məşğuldur. Təlim və tərbiyənin cəmiyyətin arzu və istəklərinə uyğun şəkildə təşkili əsrlər boyu məktəbin əsas vəzifəsi olmuşdur. Buna görə də məktəb cəmiyyətin həyatında həmişə önəmli rol oynamış və bundan sonra da oynayacaqdır. Təsadüfi deyil ki, müdriklər: “Məktəbi olmayan millətin, gələcəyi yoxdur!”- demişlər.

XX əsrin sonlarında milli-azadlıq mübarizəsinə qalxan xalqımız dövlət suverenliyini bərpa etdi. İctimai mühitin dəyişməsi  təhsilə  qoyulan tələblərin də dəyişməsinə səbəb oldu və müvafiq islahatlar başlanıldı. “Kurikulum” adlanan yeni təlim proqramları meydana  gəlməsilə biliyə əsaslanan ənənəvi hafizə məktəbindən bacarıqlara əsaslanan yeni təfəkkür məktəbinə keçid istiqamətində addımlar atıldı. Dəyişən dünyanın tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmiş yeni nəslin yetişdirilməsi Azərbaycan təhsilinin prioritetinə çevrildi.

  1. Məktəb öz vəzifələrini hansı üsul və vasitələrlə həyata keçirir?

Hər zaman olduğu kimi pedaqogikanın qarşısında duran 3 əsas suala cavab axtarılmaqdadır. Bu suallar: Nə öyrətmək, nə üçün öyrətməknecə öyrətməkdir?

İnkişaf etmiş ölkələr “Nə öyrətmək?” sualına cavab axtararkən, əvvəlcə dünyada gedən proseslərin yaxın 5-12 il ərzində inkişaf tendensiyalarını, dövlətlərin bu dövrdəki daxili və xarici siyasətinin prioritetlərini müəyyən edir, cəmiyytdə baş verə biləcək mümkün dəyişiklikləri proqnozlaşdırırlar. Sonra bu dəyişikliklərə uyğun keyfiyyətləri (kompetensiyaları) və onları necə ölçub-qiymətləndirəcəklərini (meyarları) müəyyənləşdirirlər. Bununla da nə öyrədəcəklərininə üçün öyrədəcəklərini özləri üçün aydınlaşdırırlar. “Necə öyrətmək?” məsələsini isə elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsaslanan üsul və vasitələrdən istifadə etməklə həyata keçirirlər. Məsələn: təlimdə interaktiv metodların tətbiqi, məktəblərin kompüterləşməsi, “ağıllı” lövhələrdən istifadə və s. İlk iki istiqamətdə görülən işlər nəzərə çarpmasa da, üçüncü istiqamətdə respublikamızda ciddi addımlar atilmış, hətta “Təhsildə İnnovasiyalar Mərkəzi” adlanan xüsusi qurum da yaradılmışdır.

  1. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün vacib olan amillər hansılardır?

Yuxarıda qeyd edilən strateji məsələlərin həlli ilə yanaşı, təlimin bir sıra digər mühüm komponentlərinin də keyfiyyətinin yaxşılaşdırılması vacibdir. Bu komponentlərə müəllim, dərsliklər, əlavə informasiya resursları, texniki vasitələr, qiymətləndirmə meyarları, sosial-psixoloji mühit, fənn standartları və s. daxildir.

Müəllim təlimin sütunudur. Bütün proses, hətta fasilitator olmuş olsa belə, yenə müəllimin üzərində dayanır. Pedaqoji kadrların keyfiyyəti günün tələbləri səviyyəsində deyil. Ali pedaqoji təhsil müəsissələrinin orta məktəblərlə əlaqəsi zəifdir.  Halbuki, dünya təcrübəsinə müraciət etsək görərik ki, inkişaf etmiş ölkələrdə ali pedaqoji təhsil verən müəsissələrin pilot məktəblərdə daimi kafedraları fəaliyyət göstərir. Yəni, nəzəriyyənin öyrənilməsi təcrübə ilə vəhdətdə həyata keçirilir. Bu da yetişməkdə olan pedaqoji kadrların hələ təhsil aldıqları müddətdə faydalı iş təcrübəsi əldə etmələrinə səbəb olur. Son dövrlərdə bu istiqamətdə müəyyən pozitiv irəliləyişlər olsa da, hələ görüləsi işlər çoxdur. Müəllim əməyinin dəyərləndirilməsində sovet dönəmindən qalan bərabərçilik prinsipi saxlanılır. Əməyin keyfiyyəti deyil, kəmiyyəti əsas götürülür. Ödənilən haqq tələb olunan işə uyğun deyil. Son illərdə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması, onların imtahan yolu ilə işə qəbul edilməsi təqdirəlayiq yenilikdir. Lakin burada da həllini gözləyən müəyyən problemlər (imtahanın təşkili, sualların keyfiyyəti, qiymətləndirmə və yerləşdirmədə) mövcuddur. Daha yaxşı nəticə göstərən müəllimlərə daha çox dərs yükünün verilməsi üsulu isə zənnimizcə, doğru motivasiya deyil. Bu, təlimin keyfiyyətinə birmənalı mənfi təsir göstərəcəkdir. Maddi stimulun zəifliyi səbəbindən gənc oğlanlar pedaqoji ixtisasları həvəssiz seçirlər. Məktəblərdə kişi müəllimlərin azlığı gender balansını pozur və gənc nəslin xarakterində deformasiyalara səbəb olur. Bu isə torpaqları işğal altında olan bir ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər.

Dərsliklərin əksəriyyəti uzun illərdir ki, pedaqoji ictimaiyyəti qane etmir. Onlar ənənəvi üslubda yazıldığından müasir tələblərə demək olar ki, cavab vermirlər. Xüsusən də məzmun standartlarını reallaşdırmaq baxımından təlimdə ciddi çətinliklər yaradırlar. Müəllimlər təəssüf hissi ilə etiraf edirlər ki, mövcud dərsliklərdəki materiallardan bacarıq və vərdişlər formalaşdıran tapşırıqlar tərtib etmək, onlara “dünyaya uşaq gətirməkdən” qat-qat çətin gəlir.

Əlavə informasiya resurslarından isə danışmağa dəyməz. Onlar ya yoxdur, ya da ayrı-ayrı saytlarda dağınıq vəziyyətdədirlər. Olanların isə mötəbərliyi şübhəli, dili və məzmunu şagirdlərin yaş səviyyəsinə uyğun deyildir. Bu da şagirdlərə tədqiqat aparmaq və təqdimatlar hazırlamaq işində ciddi problemlər yaradır. Düşünürük ki, dövlətin təhsilə ayırdığı vəsaitin bir hissəsi təcili bu sahənin inkişafına yönəldilməlidir.

Məktəblərin maddi-texniki təchizatına gəlincə isə,  möhtərəm Prezident İlham Əliyevin bu barədə müvafiq Sərəncamından sonra müvafiq qurumlar tərəfindən xeyli işlər görülmüşdür. Lakin görülmüş işlərin keyfiyyətin arzu edilən səviyyədə olduğunu söyləmək mümkün deyildir. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi meyarları dəqiq deyildir. DİM-in hazırladığı bəzi nümunələr istisna olmaqla, indiyədək nə bacarıqlara uyğun standart tapşırıq qəlibləri, nə də onların qiymətləndirilməsinin dəqiq və ədalətli meyarları işlənib hazırlanmışdır. Bakı Şəhər Təhsil İdarəsinin formativ qiymətləndirmə ilə bağlı 29-30 iyun 2017-ci ildə tarixdə keçirdiyi beynəlxalq seminar da göstərdi ki, bu istiqamətdə işlər hələ başa çatmamışdır. Vaxt isə sürətlə keçir. Artıq bir neçə ildən sonra yeni konsepsiya ilə təlim-tərbiyə almış gənclər tam hüquqlu vətəndaş kimi aramıza qatılacaqlar. Onlar daxil olduqları cəmiyyətə adaptasiya oluna və onu inkişaf etdirə biləcəklərmi?

Məktəblərdə ənənəvi sosial-psixoloji mühit “Məktəblinin dostu” adlı layihənin tətbiqindən sonra dəyişməkdədir. Layihə ümumən uğurlu sayılsa da, bir sıra natamamlıq və qüsurlara malikdir. Belə ki, bu layihənin tətbiqindən sonra şagirdlərə qarşı müəllim zorakılığı azalmış, problemli uşaqlara diqqət xeyli artmışdır. Bir sıra kreativ layihələrlə çıxış edən bu qruplar şagirdlərin asudə vaxtının səmərəli təşkilində də əhəmiyyətli rol oynayırlar. Lakin əksəriyyəti subay gənclərdən ibarət olan layihə iştirakçılarının bir çoxunun xüsusi pedaqoji təhsili və təcrübəsi yoxdur. Bu səbəbdən bəzən təlim-tərbiyə prosesinə etdikləri yersiz müdaxilələrlə müəllim nüfuzunu aşağı salır, təcrübəli pedaqoqların haqlı narazılığına səbəb olurlar. Düşünürük ki, onların funksional səlahiyyətləri dəqiqləşdirilməli, pedaqoji kollektivlə əlaqələri möhkəmlənməli, “məktəblinin dostları”, “Məktəbin dostu”na çevrilməlidirlər.

  1. Fənn standartları nədir və onlara riayət olunması vacibdirmi?

Fənn standartları dövlətin cəmiyyət adından məktəbə verdiyi sifarişlərdir. Başqa sözlə, satandartlar- cəmiyyətin yetişməkdə olan gənc nəsildə görmək istədiyi faydalı keyfiyyətlərin minimum parametrləridir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Konstitusiyanın 42-ci maddəsinin V bəndində yazılır ki, dövlət minimum təhsil standartlarını müəyyən edir. Deməli, hər bir fənn üzrə dövlətin müəyyən etdiyi standartlar, əslində icrası vacib olan normativ hüquqi aktlar sırasına daxildir və onların pozulması Azərbaycan Respublikası Konstitusiyasının müvaviq maddəsi ilə (maddə 80) məsuliyyətə səbəb olmalıdır.

  1. Dərslik nədir? O, təlimdə hansı rolu oynayır?

Dərslik- hələlik məktəblərimizdə hər bir fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verən əsas resursdur. Çünki, digər resurslar yox dərəcəsindədir. Bu səbəbdən o, müəllimdən sonra təlimin ikinci, ən vacib komponenti olaraq qalmaqdadır. Dərsliklər əsasında bütöv nəsillər yetişir. Dövlət standartlarını nəzərə almadan hazırlanan dərsliklər sosial sifarişi yerinə yetirmək gücündə deyillər.  Bu səbəbdən onlar gələcəyimizi şikəst edəcək qədər təhlükəlidirlər. Təhlükəni hiss edən cəmiyyətimizin dərsliklərdəki qüsurlara həssaslığı da bununla bağlıdır və anlaşılandır. Təəssüf ki, müstəqillik əldə etdyimiz dövrdən indiyədək dərsliklərimizin əksəriyyəti nə pedaqoji ictimaiyyəti, nə şagirdləri, nə də onların valideyinlərini qane edir.

  1. Bəs nə üçün uzun illərdir dərsliklərimiz dərdimizə çevrilib?

Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır.

  1. Dərslik yazmaq təcrübəsinin azlığı. Orta məktəb dərslikləri, xüsusən də sosial fənn dərslikləri ideologiyaya xidmət etdiklərindən müstəqilliyə qədərki dövrdə onlar yerli mütəxəssislər tərəfindən deyil, Mərkəzin nümayəndələri tərəfindən yazılır, sonra tərcümə edilib respublikalara göndərilirdi. Təəssüf ki, müstəqilliyimizin əldə edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, ölkəmizdə yeni təfəkkürlü dərslik müəlliflərinin yetişdirilməsi istiqamətində çox az iş görülmüşdür. Buna görə də, Təhsil Nazirliyin (TN) maraqlı tərəflərlə birlikdə bu vacib istiqamətə diqqəti artırmalıdır.
  2. Elmi resursların azlığı. Tarix fənnindən bəzi məzmun standartlarının tələblərinə uyğun mövzularla bağlı fundamental elmi araşdırmaların olmaması, yaxud bu araşdırmaların zəif olması. Məsələn: Fərqli tarixi dövrlərdə ayrı-ayrı dövlətlərin Azərbaycanla bağlı geosiyasi maraqlarındakı dəyişikliklər, bu dəyişikliklərin səbəb və nəticələri, iqlim dəyişiklikləri və onun insanların həyatına təsiri və s. mövzular dediklərimizə misal ola bilər. AMEA-nın müvafiq strukturları elmi-tədqiqat mövzularını müəyyənləşdirərkən qeyd olunan dövlət standartlarının tələblərini nəzərə alsalar, gələcəkdə bu çətinliklərin aradan qaldırılmasına xeyli dərəcədə nail olmaq mümkündür.
  3. Dərslik siyasətində variativliyin olmaması və müəllif komandaları arasında rəqabət mühitinin formal və qeyri-sağlam xarakter daşıması. Hələ 15 il bundan əvvəl respublikamızda variativ dərsliklərin yazılması istiqamətində ilk cəhd edilmişdi. Lakin təəssüf ki, bəzi səbəblərdən bu təşəbbüs baş tutmamış, dərsliklərin yazılması və nəşrində bir növ inhisarlaşma yaranmışdır. Son dövrlərdə TN-i “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı çox maraqlı və həm də mütərəqqi bir sənəd hazırlamışdır. Ancaq təəssüf ki, bu məsələ geniş ictimai müzakirəyə çıxarılmamışdır.
  4. İki kitabdan ibarət olan dərslik komplektinin hazırlanması üçün ayrılan vaxtın həddən artıq az olması. Azərbaycanda bu prosesə reallıqda 8 aydan az vaxt ayrılır. Dərslik komplektinin yoxlanması və qiymətləndirilməsi isə təqribən 4 aya başa çatır. Halbuki, dünya təcrübəsində bu işləri görmək üçün ən azı 2,5 il tələb olunur.
  5. Dərsliyi qiymətləndirmə meyarlarının natamamlığı və qeyri-dəqiqliyi. Məsələn: Qiymətləndirmə meyarlarının 1.1. bəndinə görə əgər, dərslikdə fənn kurikulumunun bütün məzmun standartlarının reallaşma səviyyəsi təmin olunarsa o, 10 balla qiymətləndirilir. Belə çıxır ki, müsabiqəyə təqdim olunmuş 8-ci sinif “Ümumi tarix” dərsliyində 5 əsas məzmun xəttindən biri və ya 12 alt standartdan dördü reallaşmadıqda belə, ekspertlər bu dərsliyə qeyd olunan meyar üzrə müəyyən bal verə bilərlər. Əslində isə bu absurddur. Çünki, həm dövlət, həm də qeyri-dövlət sektoru özünün kadrlara olan təlabatını, onların standartlara uyğunluğunu ölçməklə təmin edir və bu məqsədlə müxtəlif səviyyəli imtahanlar keçirir. Nəticələri standartlara uyğun olmayan kadrlar təlabatı ödəmədiklərindən, işsiz qalırlar. Bu isə dövlətin vergi ödəyicilərindən alıb təhsilə ayırdığı milyonların havaya sovrulması deməkdir. Ona görə də standartları pozmaqla yazılmış dərsliklərin müsabiqəyə qəbul olunması yolverilməzdir. Yaxud, yenə orada, 1.2. bəndində: “Təlim materiallarının və faktların elmiliyi, dəqiqliyi və etibarlılığının gözlənilməsi tələb olunur. Bu tələb 10 balla qiymətləndirilir. Lakin aydın deyil:
  6. a) faktlar dərslikdəki təlim materiallarına daxil olduqları halda, niyə onlardan ayrı nəzərdən keçirilir; b) elmiliklə dəqiqlik və etibarlılıq (əslində isə mötəbərlik) arasında hansı fərqlər vardır və nədən; subyektivliyin qarşısını almaq üçün bu anlayışların mənası sənəddə rəsmən açıqlanmamışdır?; c) 10 bal bu üç meyar arasında necə bölünür?; d) bir dərslikdə ən azı neçə elmi səhv və ya mənbəyi göstərilməyən şübhəli, yaxud mübahisəli məlumat olmalıdır ki, o, 10 bal almasın?; e) niyə bu bənddə “təlim materiallarının müasirliyi” adlı meyar nəzərdə tutulmamışdır? və s.
  7. Dərsliyin ekspertizasında iştirak edən qurumların qiymətləndirməni vahid üsul və meyarlar əsasında aparmaması. Məsələn: DİM-n ekspertlərinin dərslikləri qiymətləndirmə üsul və meyarları TN-də olduğu kimi deyil və yaxud, əksinə…  Bu da qiymətləndirmədə obyektivliyə xələl gətirir.

Dərslikləri Qiymətləndirmə Şurasının TN-dən asılı bir qurum olması. Bunu TN-nin hazırladığı “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı sənəddən də görmək olur. Burada yazılır: “5.1. Dərsliklərin qiymətləndirilməsi üçün Təhsil Nazirliyinin nəzdində büdcədən maliyyələşdirilmədən Dərslikləri Qiymətləndirmə Şurası fəaliyyət göstərir.

5.2. Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının sədrini təyin edir və Şuranın Əsasnaməsini təsdiqləyir. DQŞ üzvləri sədr tərəfindən yüksək ixtisaslı mütəxəssislərdən seçilir.

  1. Tender şərtlərinin sərtliyi. Dərsliyin ölçülərinin, səhifələrin sayının, şriftin ölçülərinin sərt reqlamentləşdirilməsi müəllif və dizaynerlərin kreativ imkanlarını boğur. Məsələn, orta ümumtəhsil məktəblərinin tam orta təhsil pilləsi üçün nəzərdə tutulmuş X siniflər üçün Ümumi tarix dərsliyi ən qədim zamanlardan – XVI əsrin sonlarına qədərki dövrü (VI-VII siniflər) əhatə edir. Lakin nədənsə bu dərsliyin də həcmi (çap vərəqinin sayı və ölçüləri) əvvəlki dərsliklər qədər nəzərdə tutulmuşdur. Bu cür yanaşma şagirdlərin bilik və bacarıqlarını sadədən mürəkkəbə doğru inkişaf etdirməyə imkan vermir və prinsipcə konsentrik təlim konsepsiyası ilə ziddiyyət təşkil edir. Bununla bağlı tender şərtlərinin bir qədər yumşaldılmasına, müəllif və dizaynerlərə daha geniş variasiya imkanlarının yaradılmasına ehtiyac var.
  2. Həm müəlliflər, həm də ekspertlər arasında sovet dövrünün stereotiplərilə düşünənlərin mövcudluğu. Bu bəla ilə mübarizə aparmaq üçün dünya təcrübəsi öyrənilməli və yayılmalı, dərsliklərdə variativliyə keçilməlidir. Qalib gəlib-gəlməməsindən asılı olmayaraq, dövlət standartlarını pozmayan və minimum keçid balının 50%-dən çoxunu toplamış bütün dərsliklərin geniş ictimai müzakirəyə çıxarılması ekspertlərin məsuliyyətini artırar, şəffaflığı təmin edər, rəqabət mühitini sağlamlaşdırar və qısa zamanda dərsliklərin keyfiyyətinin yaxşılaşmasına səbəb olardı.
  3. Dərslik probleminin çarəsi varmı? Bunun üçün hansı addımların atılması vacibdir? Var və bunun üçün ilk növbədə, yuxarıda qeyd etdiyimiz problemlər aradan qaldırılmalı, variativ dərsliklərin nəşri üçün təcili “yaşıl işıq” yandırılmalıdır.
  4. Bəs, variativ dərsliklərin faydası nədədir?

     İqtisadi:

  • Yaranan azad rəqabət mühitində dərsliklərin maya dəyəri ucuzlaşar;
  • Bu sahədə piratçılığa zərbə vurular;
  • Ölkədə nəşriyyat işi canlanar;
  • Yeni iş yerləri açılar;
  • Dövlət büdcəsinin gəlirləri artardı.

İctimai:

  • Ekspertizadan keçmiş dərsliklərdən birini seçmək hüququnun müəllimlərə və valideyinlərə verilməsi onların məsuliyyətini artırar;
  • Dərsliklərlə bağlı cəmiyyətdə mövcud narazılığı azaldar;
  • Təhsil Nazirliyini bəzi hallarda haqsız olan hücumlardan qoruyar;
  • Cəmiyyətdə müəllimin laxlamaqda olan nüfuzunu yüksəldən əlavə amil olardı.

Pedaqoji:

  • Qısa zamanda yeni, istedadlı dərslik müəlliflərinin yetişməsinə səbəb olar;
  • Dərsliklərin həm məzmunu, həm də keyfiyyəti xeyli yaxşılaşardı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here