Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmini məsələləri təhlil olunub

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə “Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi” – Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr” mövzusunda təqdimat mərasimi keçirilib.

Tədbirdə “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” dövlətimizin başçısının müvafiq Fərmanını xatırladıb.

Layihə barədə məlumat verən M.Alışov bildirib ki, bu layihə liseydə yeni təlim texnologiyalarının, kompüter, “ağıllı lövhə”, internet və digər multimedia vasitələrinin, rəngli və animasiyalı təqdimatların tədris prosesinə tətbiqinin, burada media dərs bazasının yaradılması və bu dərslərdən istifadə etməklə “45 dəqiqəlik dərs” məhdudiyyətinin aradan qaldırılmasının nə dərəcədə faydalı və səmərəli olması haqqında müəyyən təsəvvür yarada bilər.

Qeyd edilib ki, “İdrak” liseyində dərs zamanı təqdim olunan yeni dərs mövzularının izahı lövhənin yaddaşına yazılır. 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Bu proses şagirdlər üçün çox böyük imkanlar yaradır. Hər hansı bir səbəbdən məktəbə gələ bilməyən şagirdlər də bu yolla tədris materialını mənimsəmiş olur. “45 dəqiqəlik dərs” məhdudiyyətinin aradan qalxması məhz bununla əlaqədardır.

Elektron lövhənin üstünlüklərindən söz açan M.Alışov bildirib ki, müəllimlər də istənilən vaxt dərslərin keyfiyyətini artırmaq məqsədilə yaddaşdakı tədris resursları ilə, animasiyalar, videomateriallar vasitəsilə tədris materialını zənginləşdirə bilirlər. Beləliklə, həm öyrədənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. Lövhələrin bu şəkildə istifadəsi növbəti illərdə tətbiq olunması nəzərdə tutulan distant (məsafədən) təhsilin inkişafı istiqamətində atılan addımdır. Bütün bunlar “İdrak” liseyində təhsilin yeni bir pilləsini formalaşdırmağa və növbəti mərhələyə keçidə imkan verəcək.

Tədbirdə liseyin müəllimləri elektron lövhələrdə müxtəlif fənlər üzrə “media dərs” nümunələri təqdim ediblər.

“İdrak” liseyinin fəaliyyətindən bəhs edən film göstərilib, şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib.

Mərasimdə akademik Vaqif Abbasov, təhsil eksperti, professor Şahlar Əsgərov və digər çıxış edənlər tədrisin keyfiyyətinin artırılmasında, şagirdlərin bilik bazasının möhkəmləndirilməsində və onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müxtəlif biliklərə yiyələnməsində bu cür layihələrin əhəmiyyətini vurğulayıblar.

Sonda layihənin həyata keçirilməsində əməyi olanlara “İdrak” liseyi tərəfindən diplom və mükafatlar verilib.

AZƏRTAC