Yaxın günlərdə Azərbaycanda “Sağlam Qida” Könüllülərinin I Respublika Forumu keçiriləcək

Yaxın günlərdə Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin I Respublika Forumu keçiriləcək. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Töhfəsi” İctimai Birliyi təşkilatçılığı ilə “Sağlam Gələcək, Sağlam Gənclik!” adlı layihə çərçivəsində həyata keçiriləcək.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevin bildirib ki, forumun keçirilməsində məqsədi insanların, xüsusən də yeniyetmə və gəncləri zərərli vərdişlərdən, qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas etməkdir: “Bunun üçün onları zərərli vərdişlərdən çəkindirməyə, mübarizə imkanlarının mümkünlüyünə inandırmağa, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməyə çalışacağıq. Forumda aidiyyatı qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçiriləcək”.

Birliyin icraçı direktoru Məhsəti Hüseynova forum barədə daha geniş məlumat verərək bildirib ki, tədbir çərçivəsində təqdim olunacaq yeni yaradılmış www.saglamqida.az saytında da davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin sağlamlığa vurduğu ziyanlar və ondan xilas olmağın yolları, asudə vaxtın səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarının fəaliyyətləri, hesabatlar, maarifləndirici videolar yerləşdiriləcək. Eyni zamanda “Sağlam Qida” Könüllülərinin I Respublika Forumu çərçivəsində təqdim olunacaq “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab insanların, xüsusilə də gənclərin həyatında sağlam həyat tərzinin formalaşdırılmasında, qida və qida təhlükəsizliyi haqqında, qatqı maddələri, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmənin üsulları və müasir dövrümüzün genetik silahı hesab olunan Geni Dəyişdirilmiş Orqanizmlər (GDO) barədə maarifləndirici məlumatlar əldə etməkdə yardımçı olacaq.

Forumun keçiriləcəyi məkan və vaxt yaxın günlərdə mediaya açıqlanacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here