Tikilməkdə olan texnoloji-innovasiya mərkəzinin fəaliyyət proqramı müzakirə olunub

Bakı Dövlət Universitetində (BDU) tikilməkdə olan texnoloji-innovasiya mərkəzinin fəaliyyət proqramı müzakirə olunub.

BDU-nun Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekani, kimya elmləri doktoru, professor Nazim Şəmilov və kimya elmləri namizədi, dosent Qəzənfər Bayramov İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda olublar.

Görüşdə hazırda universitetdə tikilməkdə olan texnoloji-innovasiya mərkəzinin fəaliyyət proqramı, o cümlədən tədrisin elmi-tədqiqatların bir-biri ilə və istehsalatla əlaqələndirilməsi, habelə, növbəti təlimlərin istiqamətləri və mövzuları müzakirə edilib. Həmçinin “SOCAR Polimer” klasterinin yaradılmasına dəstək” mövzusunda təqdimat dinlənilib, “SOCAR Polimer” ətrafında klasterlərin formalaşmasında universitetin mövcud elmi potensialının tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində səmərəli iş aparan İqtisadi İslahatlar Elmi- Tədqiqat İnstitutu ilə Bakı Dövlət Universiteti arasında bağlanmış əməkdaşlığa dair razılaşmaya əsasən, universitetin professor-müəllim heyəti üçün “İnnovasiya strukturlarının formalaşması və müqayisəli təhlil” mövzusunda ilk təlim bu il oktyabrın 10-da keçirilib.

Əməkdaşlıq ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması” prioritet istiqamətinə uyğun olaraq həyata keçirilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here