Torpaq münbitliyinə antropogen təsirlərin qarşısını almaqla, aqrar ixrac potensialını 2–3 dəfə artırmaq mümkündür

Müasir dövrdə münbit torpaqların həcminin azalmasına səbəb olan amillərdən biri də antropogen (insan) təsirlərdir. Antropogen təsir dedikdə torpaqların aqrotexniki becərilməsi, meliorasiya, əkin dövriyyəsi, suvarılması, gübrələrin verilməsi və sair başa düşülür. Torpaqlar uzun müddət intensiv istifadə olunduqda deqradasiyaya uğrayır – torpağın tərkibi, xassələri pisləşir və münbitliyi azalır. Torpaqdakı mikroorqanizmlərin miqdarının və fəaliyyətinin azalması nəticə etibarilə üzvi maddələrin bitkilərin mənimsəyə biləcəyi mineral formalara çevrilmə prosesini də dayandırır.

Xosrov Musayev bildirib ki, ölkəmizdə bu problem ilk dəfə böyük alim akademik Həsən Əliyev tərəfindən ötən əsrin 70-80-ci illərində qaldırılıb və həyəcan təbili çalınıb. Sonrakı illərdə bu sahədə çalışan alimlər və mütəxəssislər də antropogen təsirlərin ciddi ekoloji problem yaratdığını təsdiqləyiblər. 2008-ci ildə görkəmli alim Məhərrəm Babayev tərəfindən sübut olunub ki, Azərbaycanın torpaq ehtiyatının 80 faizi bu və ya digər dərəcədə deqradasiyaya məruz qalıb. Alimlər torpaqda olan qida maddələrinin bir hissəsinin məhsul ilə aparılması nəticəsində qida ehtiyatının azalmasını və qida balansının bərpa edilməməsini, mineral və üzvi gübrələrin vaxtlı-vaxtında verilməməsini, torpağın həddindən çox istismar olunmasını, növbəli əkin sisteminin tətbiq edilməməsini, torpaq mühafizəedici əkin sisteminin olmamasını, becərilən bitkilərə uyğun olaraq aqrotexniki qaydalara ciddi əməl edilməməsini, innovasiyaların geniş tətbiq olunmamasını, əkinçiliyin müasir elmi əsaslarla aparılmamasını torpaq münbitliyinin azalması prosesinə təsir edən amillər kimi göstəriblər.

Respublikamızda torpaqlara antropogen təsirlərlə bağlı araşdırma və təhlillər aparan Xosrov Musayev deyir ki, rəsmi məlumatlara əsasən, ölkəmizdə kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi 4,768 milyon hektar, əkin yeri 1,843 milyon hektardır. 1970-ci ildə 1,128 milyon hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi kifayət edirdisə, 2011-ci ildə bu göstərici 1,421 milyon hektara yüksəlib. O cümlədən, birillik əkin yerləri 863,5 min hektardan 1,2 milyon hektara qədər artıb. 1970-ci ildə Azərbaycanda əhalinin sayı 5,227 milyon nəfər idi. O zaman adambaşına düşən yararlı torpaq sahəsi 0,81 hektar təşkil edirdi. 2011-ci ildə ölkə əhalisinin sayı 9,235 milyon nəfər, adambaşına düşən yararlı torpaq sahəsi isə 0,52 hektar olub. Əkin yerlərində 1970-ci ildən bəri ciddi artımın olmasına baxmayaraq, adambaşına düşən sahə 0,26 hektardan 2011-ci ildəki 0,2 hektara qədər azalıb. 2011-ci ilin məlumatına görə, dünyada adambaşına düşən əkin sahəsi 0,25 hektar, yəni Azərbaycandan daha çox olub.

Alim vurğulayır ki, illər ötdükcə ölkəmizdə adambaşına düşən əkin yerləri və kənd təsərrüfatında yararlı sahələr azalmaqda davam edəcək. Bunun bir səbəbi əhalinin sayının artmasıdırsa, digər səbəbi torpaqlardan kənd təsərrüfatı məqsədləri üçün düzgün istifadə edilməməsi ilə əlaqədar münbitliyin azalmasıdır.

İllər ötdükcə Azərbaycanda yararlı torpaqların sahəsinin azalacağını deyən alim bildirir ki, belə vəziyyətdə yeganə çıxış yolu kənd təsərrüfatı sahəsi üzrə çalışan sahibkarlara kiçik sahədə daha çox məhsul əldə etmək qabiliyyətinin aşılanmasıdır. Əks təqdirdə onsuz da az olan torpaqların bir hissəsi də torpaqdan istifadə edən sahibkarların yanlış yanaşması nəticəsində yararsız vəziyyətə düşəcək. Məsələyə ciddi yanaşılmazsa, ərzaq təhlükəsizliyi ölkəmiz üçün daha ağır problemə çevrilə bilər.

Onun fikrincə, torpaqdan səmərəli istifadə edilmənin bir yolu var ki, o da dünyanın kənd təsərrüfatı sahəsində inkişaf etmiş ölkələrdə olduğu kimi, aqrar sahədə innovasiyaların tətbiqidir.

Xosrov Musayev əmindir ki, əgər ölkəmizdə torpaq münbitliyinin azalmasının qarşısının alınması üçün kompleks tədbirlər görülərsə, Azərbaycan nəinki özünün ərzaq təhlükəsizliyini təmin edə, həm də aqrar sahədəki ixrac potensialını 2–3 dəfə artıra bilər.

Azertac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here