Tovuzda 3 istiqamət üzrə 11 kilometr avtomobil yolu yenidən qurulub

Tovuz rayonunda 3 istiqamət üzrə strateji əhəmiyyətə malik Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarının yenidən qurulması işləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, uzunluğu 11 kilometr olan Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolu layihə üzrə 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulub.

Məlumata əsasən, Tovuz-Ağdam və Əlibəyli-Hacalı kəndlərini birləşdirən yolların ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4,5 metr və hər bir istiqamət üzrə 1,75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metr təşkil edir.

Layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra yolun 60 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilib. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4,5 metrdir. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalıb.

Körpünün yaxınlığında 50 metr uzunluğunda və 4 metr hündürlükdə istinad divarları da inşa edilib. Bundan başqa, layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 29 ədəd müxtəlif ölçülü dəmir-beton boruların tikintisi işləri aparılıb.

Yolda hərəkətin normal təşkili üçün 46 ədəd məlumatverici lövhə və yol nişanı quraşdırılıb.

Qeyd olunub ki, Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi rahatlaşıb, yük və sərnişin daşınması xeyli asanlaşıb.

azertac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here